Ukraynada Andrey Yermak barəsində korrupsiya ittihamı irəli sürülüb

Dünya xəbərləri Materials 12 May 2026 05:09 (UTC +04:00)
Ukraynada Andrey Yermak barəsində korrupsiya ittihamı irəli sürülüb

Bakı. Trend:

Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (İAP) Ukrayna Prezidenti Ofisinin keçmiş rəhbəri Andrey Yermakı korrupsiya işi üzrə ittiham edib.

Trend xəbər verir ki, bu barədə qurumların sosial şəbəkə hesablarında məlumat yayılıb.

Məlumata əsasən, Kiyev ətrafında elit yaşayış komplekslərinin tikintisi zamanı 460 milyon qrivnanın (təxminən 10,5 milyon dollar) leqallaşdırılması ilə bağlı fəaliyyət göstərən mütəşəkkil qrup ifşa olunub və iş üzrə əsas fiqurlardan biri kimi sabiq yüksəkvəzifəli şəxsə ittiham elan edilib.

Bildirilir ki, ittiham Ukrayna Cinayət Məcəlləsinin 209.3-cü maddəsi — cinayət yolu ilə əldə edilmiş vəsaitlərin xüsusilə külli miqdarda və mütəşəkkil qrup tərəfindən leqallaşdırılması maddəsi ilə irəli sürülüb. Həmin maddə üzrə 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə və əmlakın müsadirəsi nəzərdə tutulur.

Xatırladaq ki, ötən ilin noyabrında UMAB və İAP energetika sektorunda genişmiqyaslı korrupsiya sxeminin aşkarlanması məqsədilə “Midas” adlı xüsusi əməliyyat keçirdiklərini açıqlamışdılar.

2025-ci il noyabrın 17-də Andrey Yermakın UMAB tərəfindən yayılan gizli səs yazılarında hallandığı barədə məlumatlar ortaya çıxmışdı. Noyabrın 28-də onun yaşayış ünvanında axtarış aparılıb, həmin günün axşamı isə vəzifəsindən azad edildiyi açıqlanmışdı.

Xəbər lenti

Xəbər lenti