Bakı. Trend:
Ermənistandakı prosesləri yaxından izləyirik.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan böyük siyasi prosesin astanasındadır: “7 iyunda Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilər Ermənistan üçün olduqca önəmlidir. Hökumət formalaşmalıdır. Gərgin mübarizə gedir. Bu mübarizədə müxtəlif qüvvələr, müxtəlif alətlərdən istifadə edirlər. Əfsuslar olsun ki, Ermənistan siyasi dairələri arasında Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var. Onlar bunu seçkiqabağı proseslərdə də açıq şəkildə büruzə verirlər. Biz başa düşürük ki, bunun Ermənistan üçün müsbət nəticəsi ola bilməz. Güman edirik ki, Ermənistan seçicisi də bunu düzgün qiymətləndirəcək. Prosesləri diqqətlə izləyirik. Bu və digər qrupların çıxışlarını nəzərdə keçiririk. Siyasətimizi isə milli maraqlarımız üzərində qururuq”.
