Bakı. Trend:
Mayın 7-də ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2025-ci il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesabatı təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb, eyni zamanda 2025-ci ilin maliyyə nəticələrinə əsasən, ABB-nin səhmdarlarına dividendin ödənilməsinə qərar verilib.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov keçirdiyi mətbuat konfransında bununla bağlı qərarı elan edərək bildirib ki, ötən ilin mənfəətindən səhmdarlara 200 000 000 manat məbləğində dividend ödəniləcək.
Onun sözlərinə görə, bununla ABB ardıcıl 8-ci il səhmdarlarına yüksək dividendlər ödəmiş olacaq. ABB səhmdarları Bankın ötənilki mənfəətindən bu il də nominal qiymətdən 15.6% dividend gəliri qazanacaqlar.
Səhmdarların pay bölgüsünə uyğun olaraq 200 000 000 manatlıq dividendin 184 000 000 manatı dövlətə, 16 000 000 manatı isə ABB-nin digər səhmdarlarına ödənəcək.
Abbas İbrahimov ABB-nin 2026-2028-ci illər üzrə yeni strateji inkişaf hədəfləri haqqında da məlumat verib: “Hədəf seqmentlər üzrə bazar liderliyi, yeni sahələrə doğru genişlənmə, inteqrasiya olunmuş müştəriyönümlülük, ölkə üzrə istedad liderliyi yeni strategiyamızın başlıca hədəfləridir. Süni intellekt əsaslı innovasiyalar isə bu hədəflərə doğru irəlilədiyimiz yolda əsas aparıcı qüvvəmiz olacaq”.
İdarə Heyətinin sədri jurnalistlərə ABB-nin 2025-ci il, eləcə də
cari ilin yanvar-aprel ayları üzrə fəaliyyəti, maliyyə
göstəriciləri, həyata keçirdiyi inkişaf layihələri, süni intellekt
həlləri haqqında ətraflı məlumat verib.
Mətbuat konfransında ABB-nin 2025-ci il üzrə Dayanıqlı İnkişaf
Hesabatı da təqdim olunub. Media nümayəndələrini maraqlandıran
çoxsaylı suallar cavablandırılıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.