Bakı. Trend:
Hazırda D4 yaşayış massivində tikinti işləri davam edir. D4 massivi 12 bina və 212 mənzildən ibarətdir. Ərazidə dəmir-beton, xarici və daxili divarların hörgü işləri, həmçinin dam örtüyünün konstruksiya və örtük işləri aparılır.
Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin Ərazi İnkişafı və İctimai Nəqliyyatın İdarə Olunması şöbəsinin müdiri Rza Abdullayev bildirib.
Onun sözlərinə görə, D3 yaşayış massivinin birinci mərhələsi üzrə də inşaat işləri davam edir. D3 massivində 10 bina və 254 mənzil nəzərdə tutulub. Binaların hər birində yeraltı avtodayanacaq və liftlər layihələndirilib. Yaşayış binalarının 2027-ci ilin birinci rübündə təhvil verilməsi planlaşdırılır.
Rza Abdullayev qeyd edib ki, D3 massivində 160 yerlik uşaq bağçasının layihələndirmə işləri davam etdirilir. Təhsil infrastrukturu çərçivəsində isə 1 nömrəli məktəbin tikintisi başa çatdırılıb və məktəb artıq fəaliyyət göstərir.
R.Abdullayev bildirib ki, D4 massivində ayrıca qazanxana binası mövcuddur. Ərazidə, D3 və daha əvvəl təhvil verilmiş D11 massivində olduğu kimi, mərkəzi istilik sistemi tətbiq edilir. Həyətyanı sahələrdə uşaqlar üçün oyun meydançaları, velosiped dayanacaqları və parklanma yerləri yaradılır.
Şöbə müdiri əlavə edib ki, D3 və D4 massivlərinin birinci mərhələsindən əlavə, yaxın zamanda D3 massivinin ikinci mərhələsi və D5 yaşayış massivinin tikintisinə başlanılması nəzərdə tutulur. Bununla yanaşı, D6, D7, D8 və D10 massivləri üzrə layihələndirmə işləri artıq yekunlaşıb.
