Bakı. Trend:
Fransada hantavirusa yoluxmuş şəxslərlə təmasda olan səkkiz nəfər profilaktik məqsədlə karantinə alınıb.
Trend xəbər verir ki, bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, karantinə götürülən şəxslərdən biri təyyarə reysi zamanı hantavirusa yoluxduğu təsdiqlənən şəxslə eyni uçuşda olub. Həmin şəxsdə yüngül simptomlar müşahidə edilsə də, analiz nəticəsi mənfi çıxıb.
Digər yeddi nəfərin isə “MV Hondius” kruiz gəmisindən enən sərnişinlə təmasda olduğu qeyd edilir.
Məlumata görə, gəmidə qalan beş Fransa vətəndaşı Kanar adalarına çatdıqdan sonra 24-48 saat ərzində ölkəyə qaytarılacaq. Onlar Fransaya gətirildikdən sonra tibbi müayinədən keçiriləcək və yenidən test olunacaqlar.
Fransa Xarici İşlər Nazirliyi hazırda həmin şəxslərdə ciddi narahatlıq doğuran simptomların qeydə alınmadığını açıqlayıb. Xəstəlik əlamətləri ortaya çıxarsa, onlar xüsusi tibb müəssisələrinə yerləşdiriləcəklər. Simptom göstərməyən sərnişinlər isə evlərinə göndərilməzdən əvvəl təkrar yoxlamadan keçiriləcəklər.