Dünyada hər il 10 mindən 100 minə qədər hantavirus infeksiyası qeydə alınır - ÜST

Dünya xəbərləri Materials 8 May 2026 15:07 (UTC +04:00)
Dünyada hər il 10 mindən 100 minə qədər hantavirus infeksiyası qeydə alınır - ÜST
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Statistikaya əsasən, dünyada hər il 10 mindən 100 minə qədər hantavirus infeksiyası qeydə alınır.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata görə, yoluxmaların böyük hissəsi Asiya və Avropa ölkələrinin payına düşür. Şərqi Asiyada, xüsusilə Çin və Koreya Respublikasında hər il minlərlə yoluxma halı müşahidə olunur. Avropada isə əsasən şimal və mərkəzi bölgələrdə hər il bir neçə min nəfər virusa yoluxur. Amerika qitəsində xəstəlik daha az yayılsa da, ölüm göstəricisi yüksəkdir. Burada hantavirus kardiopulmoner sindromundan ölüm halları bəzi hallarda 50 faizə qədər yüksəlir. ABŞ-də indiyədək 1000-dən az yoluxma qeydə alınsa da, Argentina, Braziliya, Çili və Paraqvay kimi ölkələrdə hər il yeni hallara rast gəlinir.

Amerika qitəsində hantavirus ölüm faizi 50 faizə çata bilən hantavirus kardiopulmoner sindromuna səbəb olur. Avropa və Asiyada isə virus əsasən böyrək sindromlu hemorragik qızdırma ilə müşahidə edilir. Hazırda xəstəliyə qarşı xüsusi antiviral müalicə və ya peyvənd mövcud deyil. Həkimlər erkən diaqnoz və dəstəkləyici tibbi yardımın həyati əhəmiyyət daşıdığını bildirirlər.

Ümumdünya Səhiyyə Təşkilatı MV Hondius kruiz gəmisində hantavirusla bağlı yoluxma halları barədə isə bildirib ki, indiyədək 8 yoluxma və 3 ölüm halı müəyyən edilib, onlardan 5-i laboratoriya ilə təsdiqlənib

ÜST vəziyyəti ciddi hadisə kimi qiymətləndirsə də, ümumi ictimai səhiyyə riskini aşağı səviyyədə hesab edir. Bununla belə, inkubasiya dövrü səbəbindən yeni yoluxmaların aşkarlanma ehtimalı qalır. Qeyd olunub ki, ÜST hadisəyə operativ reaksiya verərək gəmiyə mütəxəssislər göndərib, sərnişinlərin tibbi müayinəsinə dəstək göstərib və laboratoriyalar üçün test dəstlərinin təmin olunmasını təşkil edib. Eyni zamanda, sərnişin və heyətin təhlükəsiz şəkildə idarə olunması üçün təlimatlar hazırlanır. Hazırda vəziyyət nəzarət altında saxlanılır. ÜST monitorinqi davam etdirir və ehtiyac yaranarsa əlavə tədbirlərin görüləcəyini bildirir.

Qeyd edək ki, Hantavirus gəmiricilər vasitəsilə yayılan və insanlarda ağır xəstəliklərə səbəb ola bilən təhlükəli virus qrupudur. Mütəxəssislərin məlumatına görə, insanlar əsasən yoluxmuş gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas nəticəsində virusa yoluxurlar.

Mütəxəssislər xüsusilə gəmiricilərin çox olduğu məkanlarda gigiyena qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti