Bakı. Trend:
2025-ci ildə insan alverinin qurbanı olan və cinsi istismara məruz qalan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
Trend-in məlumatına görə, bu barədə məlumat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.
Bildirilib ki, 2025-ci ildə insan alveri (15), seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli axtarışda olan 31 (+1) təqsirləndirilən şəxsdən 15-i (-1), o cümlədən 3 (sabit) insan alverçisi tutulub.
Hesabat ilində müəyyən edilmiş 46 (-45) insan alveri qurbanının hamısı Azərbaycan vətəndaşı olmaqla (qadınlar) 33-ü Türkiyə, 10-u Birləşmiş Ərəb Əmirlikləri, 3-ü Pakistanda cinsi istismara məruz qalıb.
Qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olub.
Zərərçəkmişlərin hər birinə 700 manat məbləğdə birdəfəlik müavinət ödənilib. Daxili İşlər Nazirliyinin müvafiq Kömək Fondunun hesabına insan alverindən zərər çəkmiş 40 və insan alverindən zərər çəkməsi ehtimal olunan 5 şəxsə 3 350 manat məbləğdə maddi yardım edilib. 23 qurbanın ailələrinə qayıtmasında köməklik edilib. Qurbanların uşaqları da diqqətdə saxlanılaraq 11-nə doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi alınmasında, 8 uşağın isə alimentlə təmin olunmasında köməklik göstərilib.
