Bakı.Trend:
Yevlax–Bərdə dəmir yolu xəttində əsaslı təmir işlərinə başlanılır.
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, Yevlax–Bərdə xəttində 1967-ci ildən etibarən əsaslı təmir-bərpa işlərinin aparılmaması nəticəsində mövcud infrastruktur müasir tələblərə cavab vermir. Hazırda istismar müddəti 60 ilə yaxın olan köhnəlmiş infrastruktur qatarların hərəkət sürətini 10–60 km/saat aralığında məhdudlaşdırır. Planlaşdırılan təmir və yenidənqurma işləri başa çatdıqdan sonra bu sahədə qatarların hərəkət sürəti artırılacaq və sərnişinlərin mənzil başına çatma müddəti qısalacaq.
"Yevlax–Bərdə dəmir yolu xəttində həyata keçiriləcək yenidənqurma işləri ilə əlaqədar olaraq Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək.
Yevlax–Bərdə dəmir yolu xəttinin yenidən qurulması nəticəsində Yevlaxdan Xankəndiyə qədər uzanan müasir dəmir yolu infrastrukturu formalaşacaq. Eyni zamanda, bu layihə ölkə üzrə inteqrasiya edilmiş və müasir dəmir yolu infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə mühüm töhfə verəcək, regionlar arasında nəqliyyat əlaqələrinin daha səmərəli və əlaqələndirilmiş şəkildə inkişafına xidmət edəcək. Beləliklə, sərnişin və yük daşımalarında operativlik və səmərəlilik əhəmiyyətli dərəcədə artacaq",-məlumatda qeyd edilib..
