İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev və İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Ağdam, Füzuli, Xocavənd, Şuşa və Xankəndi şəhərlərində həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, təhsil və sosial obyektlərlə tanış olublar.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara görülən işlər barədə məlumat verib. Şuşada isə nümayəndə heyətini Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov müşayiət edib.
Nümayəndə heyəti Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə istehsal prosesi ilə tanış olub. Görüşlərdə istehsal potensialının artırılması, ixracyönümlü inkişaf perspektivləri və özəl sektorun gücləndirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
Bildirilib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində fəaliyyət göstərən və 190 hektar ərazini əhatə edən sənaye parkının artıq 70 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. Eyni zamanda, idxal olunan texnika və avadanlıqlara görə ƏDV və gömrük rüsumu tətbiq edilmir.
Səfər çərçivəsində qonaqlar Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, 1 saylı körpələr evi-uşaq bağçası və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yaradılan müasir infrastruktur və təhsil imkanları ilə tanış olublar.
Şuşaya səfər zamanı nümayəndə heyəti şəhərin tarixi-mədəni abidələrini ziyarət edib, burada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumatlandırılıb.
Nümayəndə heyəti həmçinin Qarabağ Universitetində olub. Burada yaradılmış müasir tədris infrastrukturu və akademik mühitlə tanışlıq zamanı universitetin regionun sosial-iqtisadi inkişafına töhfə verəcək yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayacağı vurğulanıb.
Səfər zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq layihələrinin regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi qeyd olunub, həmçinin sənaye, təhsil, sosial infrastruktur və sahibkarlıq sahələrində İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
