Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp iyulun 8-də Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı aparacağını bəyan edib. O, bu barədə Ankarada NATO zirvə toplantısı çərçivəsində Ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü zamanı bildirib.
"Bu gün danışıqlarımız olacaq", – deyə Tramp bildirib.
ABŞ Prezidenti Donald Tramp əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin mümkün qədər tez başa çatdırılmasına çalışır.
"Ancaq sizə bunu deyim. O sizə də deyəcək ki, bunu bacardığı qədər tez başa çatdırmaq istəyir. O, bunun bitməsini istəyir. O istəyir ki, bu, tezliklə başa çatsın. Mən ondan bunu soruşmuşam və (bu mövzuları) müzakirə etmişik. Mən onunla çox danışmışam", – deyə Ağ Ev rəhbəri bildirib.
Zelenski ilə görüşdə Tramp eyni zamanda bildirib ki, ABŞ Patriot zenit-raket komplekslərinin istehsalı üçün Ukraynaya lisenziya verəcək.
"Biz sizə "Patriot" istehsalı üçün lisenziya verəcəyik. Bu, kifayət qədər əla addımdır", – deyə Tramp bildirib.
