Azərbaycan ilə İordaniya arasında mühüm razılaşmalar əldə olunub - Nazir

Siyasət Materials 8 İyul 2026 13:18 (UTC +04:00)
Azərbaycan ilə İordaniya arasında mühüm razılaşmalar əldə olunub - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə İordaniya arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və regional məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm razılaşmalar əldə olunub.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə birgə Bakıda keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, görüş zamanı beynəlxalq platformalarda əməkdaşlıq, regional inkişaf və regional təhlükəsizlik məsələlərinə dair faydalı müzakirələr aparılıb. Onun sözlərinə görə, tərəflər Azərbaycan-İordaniya ikitərəfli münasibətlərinin mövcud səviyyəsini məmnunluqla qiymətləndirib və iki ölkə rəhbərləri arasında uzun illər formalaşmış sıx təmasların münasibətlərin əsasını təşkil etdiyi vurğulanıb.

C.Bayramov qeyd edib ki, Azərbaycan və İordaniyanın xarici işlər nazirlikləri arasında əməkdaşlıq intensiv xarakter daşıyır. O bildirib ki, həmkarı ilə mütəmadi telefon danışıqları aparılır, demək olar ki, bütün beynəlxalq platformalarda keçirilən görüşlər zamanı aktual məsələlər ətrafında fikir mübadiləsi həyata keçirilir.

Nazirin sözlərinə görə, mövcud müqavilə-hüquq bazasının genişləndirilməsi müxtəlif sahələrdə əməkdaşlığın inkişafına əlavə imkanlar yaradacaq. O vurğulayıb ki, səfər çərçivəsində iki ölkə arasında mühüm sazişlər imzalanıb, eyni zamanda müxtəlif istiqamətlər üzrə yeni sənədlər hazırlanır və yaxın gələcəkdə onların da imzalanması gözlənilir.

C.Bayramov bildirib ki, görüşdə iqtisadi əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Onun sözlərinə görə, mövcud ticarət dövriyyəsinin həcmi tərəfləri qane etmir və bu sahədə böyük inkişaf potensialı mövcuddur.

Nazir qeyd edib ki, sənaye, energetika, mineral ehtiyatlar, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var. O əlavə edib ki, Birgə Hökumətlərarası Komissiyanın iclasında əldə edilmiş razılaşmaların icrası davam etdirilir və bu gün də həmin istiqamətdə yeni razılıqlar əldə olunub.

C.Bayramovun sözlərinə görə, yaxın vaxtlarda işçi qrupunun nümayəndə heyəti İordaniyaya səfər edəcək və konkret layihələr yerində müzakirə olunacaq. Bundan əlavə, hər iki ölkənin biznes dairələrinin nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili də nəzərdə tutulur ki, bu da gələcəkdə ticarət dövriyyəsinin artırılmasına xidmət edəcək.

Nazir bildirib ki, görüş zamanı həmkarına Azərbaycanın artan nəqliyyat-logistika imkanları, Avropa ilə Asiya arasında tranzit ölkə kimi rolu, eləcə də Ələt Azad İqtisadi Zonasında xarici investorlar üçün yaradılmış imkanlar barədə ətraflı məlumat verib.

C.Bayramov qeyd edib ki, tərəflər humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Onun sözlərinə görə, mədəniyyət və təhsil sahələrində həyata keçirilən layihələrin davam etdirilməsi və genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Nazir bildirib ki, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi uzun illərdir İordaniyanın aidiyyəti qurumları ilə əməkdaşlıq edir. O əlavə edib ki, hər iki ölkə müxtəlif regionlarda, o cümlədən Fələstində humanitar yardım layihələri həyata keçirir və bu sahədə fəaliyyətin əlaqələndirilməsi gələcək əməkdaşlığın mühüm istiqamətlərindən biri ola bilər.

C.Bayramov turizm sahəsinin də böyük perspektivə malik olduğunu bildirib. O qeyd edib ki, 2025-ci ildə qarşılıqlı səfərlərin sayında əhəmiyyətli artım qeydə alınıb, lakin bu istiqamətdə əlavə tədbirlərin görülməsinə ehtiyac var.

Nazir vurğulayıb ki, may ayının sonundan etibarən Azərbaycan ilə İordaniya arasında müntəzəm birbaşa aviareyslər fəaliyyətə başlayıb. Hazırda reyslər həftədə bir dəfə həyata keçirilir və tərəflər onların sayının artırılmasını da müzakirə ediblər.

C.Bayramov əlavə edib ki, bu gün Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasportu sahiblərinin qarşılıqlı şəkildə viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb. Onun sözlərinə görə, bu sənəd insanlar arasında təmasların genişlənməsinə, turizmin inkişafına və biznes dairələri arasında əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti