Bakı.Trend:
ABŞ və İran arasında eskalasiyaların yenidən alovlanması fonunda Birləşmiş Ştatların Maliyyə Nazirliyi İran mənşəli xam neft, neft məhsulları, eləcə də neft-kimya məhsullarının istehsalı, daşınması, satışı və digər əməliyyatlara icazə verən lisenziyanın qüvvəsinin dayandırıldığını elan edib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı məlumata görə, iyunun 21-də verilmiş lisenziyanın ləğvi iyulun 7-dən qüvvəyə minib.
Eyni zamanda, Maliyyə Nazirliyi İran nefti ilə bağlı əvvəllər bağlanmış müqavilələrin iyulun 17-dək başa çatdırılmasına icazə verən yeni lisenziya dərc edib.
Lakin bu əməliyyatlara yalnız o şərtlə icazə verilir ki, sanksiyalara məruz qalan şəxslərə ödənişlər ABŞ ərazisində yerləşən bloklanmış hesaba köçürülsün.
