"SOCAR Türkiyə" və "Pegasus" ekoloji aviayanacaq üzrə saziş bağlayıb

Energetika Materials 7 İyul 2026 10:10 (UTC +04:00)
"SOCAR Türkiyə" və "Pegasus" ekoloji aviayanacaq üzrə saziş bağlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

"SOCAR Türkiyə" və "Pegasus Airlines" ekoloji aviasiya yanacağı sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.

"SOCAR Türkiyə"nin məlumatına görə, saziş Türkiyənin aviasiya sektorunda enerji keçidinin və karbonsuzlaşdırma prosesinin dəstəklənməsinə yönəlib.

Sənəd Türkiyənin ekoloji aviasiya yanacağına olan tələbatının müəyyənləşdirilməsi, bu yanacaq üzrə dəyər zəncirinin inkişafı üçün texniki-iqtisadi araşdırmaların aparılması, biznesin inkişafı və maarifləndirmə təşəbbüslərinin həyata keçirilməsi, həmçinin həm Türkiyədə, həm də digər bazarlarda dayanıqlı aviasiya yanacağı sahəsində əməkdaşlıq imkanlarının araşdırılması üzrə tərəflərin əməkdaşlığını nəzərdə tutur.

Tərəfdaşlar həmçinin ekoloji aviasiya yanacağının istehsalı və istifadəsinə hazırlıq səviyyəsini qiymətləndirəcək yüksək səviyyəli rəhbərlərin iştirak etdiyi birgə işçi qrupunun yaradılmasını planlaşdırırlar. Bu təşəbbüsün Türkiyədə dayanıqlı aviasiya ekosisteminin inkişafına və aviasiya sektorunun karbon emissiyalarının azaldılmasına töhfə verəcəyi gözlənilir.

Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupu olan "SOCAR Türkiye" ekoloji aviasiya yanacağının istehsalı, tədarük zəncirlərinin inkişafı və texnoloji tərəfdaşlıqlar istiqamətində fəaliyyətini davam etdirir. Öz növbəsində, "Pegasus Airlines" bazar tələbatını qiymətləndirmək və ekoloji aviasiya yanacağının aviasiya yanacağı tədarük zəncirində səmərəli tətbiqinə dəstək vermək məqsədilə öz əməliyyat təcrübəsindən istifadə etməyi planlaşdırır.

"Ekoloji aviasiya yanacağı aviasiya sənayesinin karbon izinin azaldılmasında mühüm rol oynayır və biz bu sahədə güclü və uzaqgörən tərəfdaşlarla əməkdaşlığa böyük önəm veririk. "Pegasus" ilə imzaladığımız saziş Türkiyənin ekoloji aviasiya yanacağı sahəsində potensialının qiymətləndirilməsi və gələcək əməkdaşlığın inkişafı istiqamətində mühüm addımdır. Əminik ki, bu proses həm sənayemizə, həm də bütövlükdə ölkəyə fayda verəcək", – deyə "SOCAR Türkiyə"nin baş icraçı direktoru Elçin İbadov bildirib.

"Pegasus Airlines"ın baş icraçı direktoru Güliz Öztürk isə qeyd edib ki, dayanıqlı həllər aviasiyanın gələcəyinin əsasını təşkil edir. Onun sözlərinə görə, aviaşirkət 2022-ci ildən etibarən ekoloji aviasiya yanacağından istifadəni ardıcıl şəkildə davam etdirir.

""SOCAR Türkiyə" ilə imzaladığımız saziş bizə ekoloji aviasiya yanacağı sahəsində ekspertizamızı daha da dərinləşdirməyə, eyni zamanda Türkiyədə ekoloji aviasiya yanacağı ekosisteminin inkişafına töhfə verməyə imkan yaradacaq. Biz bu əməkdaşlığı sənayenin tələbatını daha yaxşı anlamağa və gələcəyin ekoloji təmiz aviasiyasının inkişafı üçün yeni imkanlar açmağa kömək edəcək strateji addım kimi qiymətləndiririk", – deyə Güliz Öztürk vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti