AİB Azərbaycan bankına 40 milyon dollar həcmində kredit ayıracaq

Maliyyə Materials 7 İyul 2026 09:38 (UTC +04:00)
AİB Azərbaycan bankına 40 milyon dollar həcmində kredit ayıracaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Asiya İnkişaf Bankı (AİB) "Bank Respublika"ya 40 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.

Bu barədə nankın məlumatında bildirilib.

Məlumata görə, kredit AİB-in adi kapital vəsaitləri hesabına "Azərbaycanın regionlarında mikro, kiçik və orta biznesin maliyyələşməyə çıxışının genişləndirilməsi" layihəsi çərçivəsində təqdim olunacaq.

"Ayrılan maliyyə vəsaiti ölkənin regionlarında mikro, kiçik və orta biznesin maliyyə resurslarına çıxışının genişləndirilməsinə, paytaxtdan kənarda fəaliyyət göstərən biznes subyektləri üçün kredit imkanlarının artırılmasına və özəl sektorun inkişafının dəstəklənməsinə yönəlib", – deyə AİB-dən bildirilib.

"Bank Respublika" öz fəaliyyətini 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib. Bank mikro, kiçik və orta biznesin maliyyələşdirilməsinə xüsusi önəm verir. Bankın strategiyasına əsasən, onun fəaliyyəti sahibkarlığın dəstəklənməsinə, maliyyə xidmətlərinin əlçatanlığının genişləndirilməsinə və məsuliyyətli bankçılıq, risklərin səmərəli idarə olunması və korporativ idarəetmə prinsiplərinə riayət etməklə dayanıqlı iqtisadi inkişafın təşviqinə yönəlib.

Bankın son maliyyə hesabatına əsasən, 2025-ci ilin yekunları üzrə "Bank Respublika" bütün əsas göstəricilər üzrə artım nümayiş etdirərək rekord maliyyə nəticələri əldə edib. Bankın aktivləri əvvəlki illə müqayisədə 25,2 faiz artaraq 2,73 milyard manata (təxminən 1,6 milyard ABŞ dolları), məcmu kapitalı 20 faiz artaraq 266,7 milyon manata, kredit portfeli isə 12,4 faiz artaraq 1,65 milyard manata çatıb.

"Hesabat dövründə xalis faiz gəlirləri 19,4 faiz artaraq 169,7 milyon manat, xalis əməliyyat mənfəəti isə 20,3 faiz artaraq 82,3 milyon manat təşkil edib. Bankın xalis mənfəəti illik müqayisədə 19,8 faiz artaraq 60,6 milyon manata yüksəlib. 2025-ci ilin sonuna Bank Respublikanın depozit portfeli 1,36 milyard manat təşkil edib ki, bu da Azərbaycan bankları arasında ən yüksək göstəricilərdən biridir", – deyə bankın hesabatında qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti