Sığorta hadisələrinin qiymətləndirilməsi müstəqil ekspertiza institutuna həvalə olunmalıdır - Elçin Mirzəbəyli

Cəmiyyət Materials 7 İyul 2026 13:33 (UTC +04:00)
Sığorta hadisələrinin qiymətləndirilməsi müstəqil ekspertiza institutuna həvalə olunmalıdır - Elçin Mirzəbəyli
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sığorta hadisələri zamanı zərərin qiymətləndirilməsi tamamilə müstəqil ekspertiza institutuna həvalə olunmalı, vətəndaşlara sığorta prosesini sənədlərin qəbulundan ödənişin təsdiqinədək onlayn və şəffaf izləmək imkanı yaradılmalıdır.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi sosial müdafiə sisteminin təkmilləşdirilməsinə xidmət edən növbəti təşəbbüslərdən biri hesab oluna bilər. Onun sözlərinə görə, layihənin əsas üstünlüyü istehsalatda bədbəxt hadisələr nəticəsində zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsinin daha aydın və obyektiv meyarlar əsasında qurulmasıdır.

Elçin Mirzəbəyli vurğulayıb ki, sığorta ödənişlərinin əlillik anlayışı ilə deyil, daha geniş və dəqiq hüquqi kateqoriya olan peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndirilməsi müasir beynəlxalq təcrübəyə uyğun yanaşmadır.

Deputat qeyd edib ki, birdəfəlik sığorta ödənişlərinin hesablanmasına yuxarı hədd müəyyən edilməsini sığorta fondunun maliyyə dayanıqlığının qorunması və risklərin idarə olunması baxımından başadüşülən hesab edir. Bununla yanaşı, o, qanunun tətbiqi zamanı bu normanın sosial ədalət prinsipi ilə necə uzlaşacağının, eləcə də sığorta təyin edilərkən subyektiv qiymətləndirmələrə və digər neqativ hallara yol açıb-açmayacağının diqqətlə izlənilməsinin vacibliyini vurğulayıb.

Elçin Mirzəbəyli çıxışında sığorta sektorunun ümumi vəziyyətinə də toxunaraq bildirib ki, bu sahədə əsas problem yalnız normativ-hüquqi bazanın təkmilləşdirilməsi deyil, həm də vətəndaşların sığorta institutuna olan etimadının zəif olmasıdır. Onun sözlərinə görə, vətəndaşlar sığortanı əksər hallarda müdafiə mexanizmi kimi deyil, məcburi rüsum və ya "vergi öhdəliyi" kimi qəbul edirlər. Deputat bunu sığorta bazarı iştirakçılarının tez-tez dəyişməsi, sığorta hadisələri zamanı vətəndaşların süründürməçiliklə üzləşməsi və zərərin süni şəkildə aşağı qiymətləndirilməsi ilə əlaqələndirib.

Deputat hesab edir ki, etimad yalnız şəffaflıq olan yerdə formalaşır. O bildirib ki, vətəndaşlara sığorta işinin bütün mərhələlərini onlayn izləmək imkanı yaradılmalı, sığorta müqavilələrində kiçik şriftlərlə yazılmış, başa düşülməsi çətin hüquqi terminlər və ödənişdən imtina üçün nəzərdə tutulan “gizli istisnalar” aradan qaldırılmalıdır. Onun fikrincə, müqavilələr unifikasiya edilməli, sadə və aydın dillə hazırlanmalı, vahid standart müəyyənləşdirilməlidir.

Elçin Mirzəbəyli əlavə edib ki, qarşıdakı dövrdə sığorta hadisələrinin qiymətləndirilməsi mexanizmlərinin daha şəffaf qurulmasına, müstəqil ekspertiza institutlarının inkişafına, vətəndaş müraciətlərinə operativ baxılmasına və sığorta mübahisələrinin məhkəməyə çatdırılmadan həlli mexanizmlərinin ölçülə bilən meyarlarla genişləndirilməsinə ehtiyac var.

Deputat sığorta mədəniyyətinin inkişafının da mühüm əhəmiyyət daşıdığını bildirərək qeyd edib ki, bu mədəniyyətin formalaşdığı ölkələrdə sığorta yalnız hüquqi öhdəlik deyil, həm də ailənin, sahibkarlığın və insan kapitalının təhlükəsizliyinin vacib elementi hesab olunur. O vurğulayıb ki, maliyyə savadlılığının artırılması, rəqəmsal sığorta xidmətlərinin genişləndirilməsi, sığorta məhsullarının daha əlçatan və anlaşılan formada təqdim edilməsi bu sahənin inkişafına ciddi təkan verə bilər.

Elçin Mirzəbəyli sonda bildirib ki, sosial dövlətin əsas göstəricilərindən biri vətəndaşın risk qarşısında özünü müdafiəsiz hiss etməməsidir. Onun sözlərinə görə, təqdim olunan qanun layihəsi də məhz bu məqsədə xidmət edir və istehsalatda çalışan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Deputat qanun layihəsini dəstəklədiyini, eyni zamanda səsləndirdiyi təkliflərin gələcəkdə nəzərdən keçirilməsinin faydalı olacağını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti