Bakı. Trend:
Azərbaycanda vençur kapitalı fondlarının hüquqi bazası formalaşdırılacaq.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsi, Mülki Məcəlləsi, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, layihənin ümumi məqsədi innovasiya fəaliyyətinin maliyyələşdirilməsi üzrə müasir, habelə beynəlxalq təcrübədə geniş tətbiq edilən hüquqi və maliyyə alətlərinin milli qanunvericilikdə tanınmasını təmin etməkdən ibarətdir.
Layihə ilə ilk növbədə vençur kapitalı fondlarının hüquqi bazası formalaşdırılır. “İnvestisiya fondları haqqında” Qanuna vençur kapitalı fondu, peşəkar investor, akkreditə olunmuş investor, azad hesabatlı vençur kapitalı fondu və lisenziyalaşdırılan vençur kapitalı fondu anlayışlarının əlavə edilməsi nəzərdə tutulur. Bununla vençur fondlarının yüngül qeydiyyat rejimində və ya lisenziyalaşdırılan rejimdə fəaliyyət göstərməsi üçün fərqli hüquqi modellər yaradılır.
Əlavə olaraq, Mülki Məcəlləyə konvertasiya edilən maliyyə alətləri (Convertible instruments), konvertasiya edilen borc müqaviləsi (Convertible note) və gələcək iştirak payı haqqında müqavilə (SAFE) ile bağlı müddəaların əlavə edilməsi təklif olunur. Bu mexanizmlər investorun vəsaiti startapa dərhal təqdim etməsinə, həmin vəsaitin isə gələcək maliyyələşmə mərhələsində və ya likvidlik hadisəsi baş verdikdə paya və ya səhmə çevrilməsinə imkan verir.
Layihədə korporativ müqavilə institutu və investorların xüsusi hüquqlarına dair normalar da yer alır. Birgə satış hüququ (Tag-along right), məcburi satış hüququ (Drag-along right), ilk imtina hüququ, ləğvetmə zamanı üstünlük, payın və ya səhmin dəyərsizləşməsi əleyhinə müddəalar, qorunan məsələlər, konvertasiya hüququ və fərqli səsvermə hüquqları kimi mexanizmlərin hüquqi əsasları müəyyən edilir.
İşçilərin pay və səhm iştirakı planı haqqında müqavilə (ESOP) ile bağlı müddəalar da Layihədə nəzərdə tutulur. Bu mexanizmə əsasən startap və texnologiya şirkətləri işçilərə və idarəetmə orqanlarının üzvlərinə yalnız əməkhaqqı verməklə kifayətlənməyib, onlara gələcəkdə şirkətin payını və ya səhmini əldə etmək imkanı yarada biləcəklər. Bu, xüsusilə yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsi və şirkətdə uzun müddət saxlanılması üçün vacib alətdir. Başqa sözlə, işçi şirkətin uğurunda birbaşa maraqlı olur, çünki şirkət böyüdükcə onun əldə edə biləcəyi payın və ya səhmin dəyəri də arta bilər.
Bundan əlavə, layihə ilə "Valyuta tənzimi haqqında" və "Banklar haqqında" qanunlara rəqəmsal səyyahlar, innovasiya layihələri, vençur kapitalı fondları, akkreditə olunmuş investorlar və rəqəmsal xidmətlər üzrə valyuta və bank əməliyyatlarının xüsusiyyətlərini tənzimləyən müddəalar əlavə edilir. Bu dəyişikliklər innovasiya və rəqəmsal iqtisadiyyat subyektlərinin xarici ödənişlər, investisiya qoyuluşları, gəlirlərin repatriasiyası və bank xidmətlərinə çıxışı sahəsində mövcud inzibati çətinliklərin azaldılmasına xidmət edir.
Layihənin qəbul edilməsi nəticəsində:
- innovasiya ve startap ekosisteminin maliyyə dayanıqlığının güclənəcəyi, vençur kapitalı fondları, "mələk investor" fəaliyyəti, konvertasiya edilən borc müqavilələri və gələcək iştirak payı haqqında müqavilələr kimi çevik maliyyələşmə alətləri vasitəsilə yerli startapların ilkin investisiyalara çıxış imkanlarının genişlənəcəуі;
- rəqəmsal səyyahların və qeyri-rezident investorların bank, valyuta və repatriasiya əməliyyatlarının sadələşdirilməsi hesabına xarici kapitalın, intellektual potensialın və yüksəkixtisaslı mütəxəssislərin ölkəyə cəlb olunması üçün daha əlverişli şəraitin yaradılacağı;
- işçilərin pay və səhm iştirakı planlarının (ESOP) tətbiqi ilə yerli texnoloji şirkətlərə istedadlı kadrları cəlb etmək, motivasiya etmək və saxlamaq imkanı veriləcəyi;
- korporativ müqavilə, birgə satış, məcburi satış, ləğvetmə zamanı üstünlük və payın dəyərsizləşməsi əleyhinə müdafiə mexanizmlərinin tanınması nəticəsində investorların hüquqlarının qorunmasının və korporativ idarəetmənin təkmilləşdirilməsinin təmin ediləcəyi;
- rəqəmsal xidmətlər, proqram təminatı lisenziyaları və bulud xidmətləri üzrə ödənişlərin sadələşdirilməsi vasitəsilə yerli rəqəmsal biznesin qlobal bazarlara daha sürətli inteqrasiyasına imkan yaradılacağı proqnozlaşdırılır.
Ümumilikdə, layihənin qəbulu ilə Azərbaycanın innovasiya və vençur mühitinin beynəlxalq praktikaya uyğunlaşacağı, innovasiya ekosisteminə cəlb edilən özəl investisiyaların həcminin artacağı, yeni vençur fondlarının təsis edilməsi, rəqəmsal iqtisadiyyatın hüquqi və maliyyə əsaslarının güclənəcəyi və ölkənin regional innovasiya və investisiya mərkəzi kimi cəlbediciliyinin artacağı gözlənilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
