Uşaqların sosial şəbəkələrdən istifadəsi balanslı qanunvericiliklə tənzimlənməlidir - Deputat

Cəmiyyət Materials 7 İyul 2026 12:29 (UTC +04:00)
Uşaqların sosial şəbəkələrdən istifadəsi balanslı qanunvericiliklə tənzimlənməlidir - Deputat
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı mümkün qanunvericilik təşəbbüsləri hazırlanarkən balanslı yanaşma tətbiq edilməli, uşaqların hüquqları və təhlükəsizliyi əsas prioritet olmalıdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə Akimova deyib.

Deputat bildirib ki, rəqəmsal texnologiyalar müasir həyatın ayrılmaz hissəsinə çevrilib və uşaqların internetdən, eləcə də sosial şəbəkələrdən tamamilə uzaq tutulması nə mümkün, nə də məqsədəuyğundur.

Onun sözlərinə görə, əsas məqsəd uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək, onların sağlam psixoloji və mənəvi inkişafını qorumaqdır: "Bu baxımdan, uşaqların sosial şəbəkələrdən istifadəsini tənzimləyən qanunvericilik təşəbbüsləri cəmiyyətin maraqları nəzərə alınmaqla hazırlanmalıdır",-deyə deputat əlavə edib.

E.Akimova qeyd edib ki, dünyanın bir sıra ölkələrində uşaqları zərərli məzmundan, kibertəhdidlərdən, onlayn zorakılıqdan, dezinformasiyadan və rəqəmsal asılılıq yaradan vərdişlərdən qorumaq üçün müxtəlif hüquqi mexanizmlər tətbiq edilir. Onun fikrincə, bu yanaşma qadağalar tətbiq etməkdən daha çox, uşaqlar üçün təhlükəsiz rəqəmsal mühit formalaşdırmağa xidmət edir.

"Azərbaycanda da qanun layihəsi hazırlanarkən uşaqların hüquqları, valideynlərin məsuliyyəti, təhsil müəssisələrinin rolu və müasir texnologiyaların yaratdığı reallıqlar kompleks şəkildə nəzərə alınmalıdır.

Yalnız hüquqi məhdudiyyətlərlə kifayətlənmək olmaz. Rəqəmsal savadlılığın artırılması, valideyn nəzarətinin gücləndirilməsi, məktəblərdə maarifləndirmə işinin genişləndirilməsi və sosial media platformalarının məsuliyyətinin artırılması da bu siyasətin mühüm istiqamətləri olmalıdır",-deyə E.Akimova bildirib.

Deputat əlavə edib ki, uşaqların sağlam düşüncəli, milli-mənəvi dəyərlərə bağlı, bilikli və təhlükəsiz mühitdə böyüməsi dövlətin, ailənin və cəmiyyətin ortaq məsuliyyətidir. Onun sözlərinə görə, əgər hazırlanacaq qanunvericilik uşaqların mənafeyini hər şeydən üstün tutacaqsa, bu təşəbbüs gələcəyə qoyulan ən dəyərli investisiyalardan biri olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti