Bakı.Trend:
Hazırda Tbilisi–Bakı istiqamətində sərnişin tələbatı Bakı–Tbilisi reysindən daha yüksəkdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Bakı–Tbilisi–Bakı qatarında yeniliklərlə bağlı keçirilən brifinqdə jurnalistlərə deyib.
A.Fərəcov bildirib ki, bugünkü məlumata əsasən, Tbilisidən Bakıya 6 mindən çox, Bakıdan isə Tbilisiyə 5 mindən artıq sərnişin daşınıb.
O əlavə edib ki, Gəncə stansiyasında da sərnişinlərin minmə və enmə göstəriciləri yüksəkdir.
Departament rəisi həmçinin qeyd edib ki, mövsümlə əlaqədar Bakı–Tbilisi–Bakı istiqaməti üzrə biletlərə əlavə endirimlərin tətbiqi hazırda müzakirə olunmur.
Bundan başqa, A.Fərəcov vurğulayıb ki, mövcud qatarlara köhnə tipli vaqonların qoşulması hər hansı təhlükəsizlik riski yaratmır.
“Bu, texniki istismar qaydalarına tam uyğundur və qoşulan vaqonlar qatarın sürəti və digər texniki göstəricilərinə uyğun şəkildə istismar olunacaq”, – deyə o əlavə edib.
