BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətinə qoyulan qadağanı ləğv edib

İdman Materials 8 İyul 2026 06:15 (UTC +04:00)
BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətinə qoyulan qadağanı ləğv edib

Bakı. Trend:

Beynəlxalq Olimpiya Komitəsi (BOK) çərşənbə axşamı Rusiya Olimpiya Komitəsinə (ROK) tətbiq edilən qadağanı ləğv edib.

Bu barədə BOK məlumat yayıb.

BOK bu qərarı ROK-un Ukraynanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən regional idman təşkilatlarını tanımasından sonra qəbul etmişdi. Qadağa 2023-cü ildən qüvvədə idi. BOK rəsmilərinin sözlərinə görə, Rusiya Olimpiya Komitəsinin tərkibində artıq həmin təşkilatlar yer almır. Komitə həmçinin rusiyalı idmançıların yalnız "neytral" statusda yarışması ilə bağlı tövsiyəsini də ləğv edib.

BOK-un prezidenti Kirsti Koventri bildirib: "Biz bütün idmançıların Olimpiya Oyunlarında iştirak etmək imkanına malik olmasını və hökumətlərinin hərəkətlərinə görə məsuliyyət daşımamasını təmin etmək istəyirdik."

BOK qeyd edib ki, bu qərar müvəqqəti xarakter daşıyır. Komitə Rusiya Olimpiya Komitəsinin fəaliyyətini yaxından izləməyə davam edəcəyini və zərurət yaranacağı təqdirdə əlavə tədbirlər görəcəyini bildirib.

Rusiyanın idman naziri Mixail Deqtyarev qərarı alqışlayaraq deyib: "Bu qərar bütün idman növləri üzrə federasiyalara milli komandaların beynəlxalq yarışlara qayıtması üçün yol açır."

O əlavə edib ki, Rusiya yarışlarda öz bayrağının və himninin bərpası istiqamətində iş aparacaq. BOK isə bununla bağlı hələ qərar vermədiyini bildirib.

Ukraynanın Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi birgə bəyanat yayaraq bu qərarı pisləyiblər. Onların fikrincə, bu addım beynəlxalq ictimaiyyətə "dərin narahatlıq doğuran siqnal" göndərir. Nazirliklər həmçinin yarışlara ev sahibliyi edən ölkələri Rusiyanın dövlət rəmzlərinə qoyulan qadağanı qüvvədə saxlamağa çağırıblar.

Xəbər lenti

Xəbər lenti