Bakı.Trend:
ABŞ-nin Alyaska ştatının ucqar rayonlarının sakinləri ABŞ-İsrail-İran münaqişəsi fonunda ən yüksək yanacaq qiymətləri ilə üzləşiblər.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, bəzi yaşayış məntəqələrində benzinin qiyməti bir qallon üçün təxminən 10 dollara (təxminən litr üçün 2,64 dollar) çatıb.
Vəziyyət xüsusilə ştatın qalan hissəsi ilə avtomobil əlaqəsi olmayan, əlçatmaz yaşayış məntəqələrində daha kəskin hiss olunur. Bu ərazilərə yanacaq yalnız yay mövsümündə, su yolları buzdan azad olduqdan sonra barjalar vasitəsilə çatdırılır. Son tədarükdən sonra yanacağın qiyməti müəyyən edilir və növbəti mövsümədək dəyişməz qalır.
İranla münaqişə dövründə dünya bazarında neft qiymətlərinin kəskin bahalaşması səbəbindən bir çox icmalar benzini, dizel yanacağını və mazutu xeyli yüksək qiymətlərlə almağa məcbur olublar. Dünya bazarında vəziyyət normallaşsa belə, həmin bölgələrin sakinləri növbəti tədarükədək əvvəlki, daha yüksək tariflərlə ödəniş etməyə davam edəcəklər.
