Bakı. Trend:
Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanovla görüşü ilə bağlı paylaşım edib.
"Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz çərçivəsində Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanovla görüşdük. Ölkələrimizin malik olduğu zəngin enerji potensialının iqtisadi tərəfdaşlığın inkişafı üçün əlverişli şərait yaratdığını vurğuladıq. Beynəlxalq bazarlara enerji nəqli, bu sahədə hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, birgə layihələrdə iştirak imkanlarını müzakirə etdik", - deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi "2026-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş və xarici ölkələr iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyalar" hesabatına əsasən, cari ilin birinci rübündə Türkmənistanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 981 min ABŞ dolları təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 579 min ABŞ dolları və ya 2,4 dəfə çoxdur. Hesabat dövründə Türkmənistanın Azərbaycanın cəlb etdiyi birbaşa xarici investisiyalardakı payı 0,1 faiz olub.
2026-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların ümumi həcmi 1,720 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 201,2 milyon ABŞ dolları və ya 13,2 faiz çoxdur.
Həmin dövrdə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəldilən birbaşa investisiyaların həcmi isə 1,110 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 794,7 milyon ABŞ dolları və ya 3,5 dəfə artıb.
