Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb

Cəmiyyət Materials 8 İyul 2026 16:42 (UTC +04:00)
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq səviyyədə növbəti uğura imza atıb.

Bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb

Bildirilib ki, Dövlət Xidməti ABŞ-nin nüfuzlu "World Economic Magazine" nəşri tərəfindən təşkil edilən müsabiqədə “Mədəni irsdə ictimai iştirak üzrə mükəmməllik – Azərbaycan 2026” (Excellence in Public Engagement for Cultural Heritage Azerbaijan 2026) beynəlxalq mükafatına layiq görülüb.

Mükafat mədəni irsin qorunması və idarə olunması sahəsində ictimai iştirakçılığın təmin edilməsi, innovativ yanaşmaların tətbiqi, mədəni irs obyektlərinin rəqəmsallaşdırılması və məlumat bazalarının səmərəli idarə olunması istiqamətində həyata keçirilən fəaliyyətə görə təqdim edilib. Qiymətləndirmə zamanı Dövlət Xidmətinin vətəndaş mərkəzli xidmət modelinin formalaşdırılması, 6 istiqamət üzrə rəqəmsallaşdırılmış xidmətlərin "bir pəncərə" prinsipi ilə təqdim edilməsi, müraciətlərin operativ və şəffaf qəbulunun təmin olunması əsas meyarlardan biri kimi qeyd edilib.

Bildirilib ki, vətəndaşların "MyCulture" portalında şəxsi kabinet yaradaraq elektron xidmətlərdən istifadə etməsi və müraciətlərinin icra vəziyyətini real vaxt rejimində izləməsi vətəndaş məmnunluğunu artıran və ictimai iştirakçılığı təşviq edən model kimi dəyərləndirilib.

Həmçinin, gənclərin mədəni irsin qorunması və təbliği sahəsində fəal iştirakını təşviq edən "İrs Dostu" könüllü proqramı da yüksək qiymətləndirilib. Qeyd olunub ki, proqram çərçivəsində könüllülərin mədəni irs obyektlərinin mühafizəsi, maarifləndirmə və təbliğat tədbirləri, tədqiqat, monitorinq və təşkilati işlərdə iştirakı ictimai iştirakçılığın gücləndirilməsi baxımından mühüm təşəbbüs hesab olunub.

Vurğulanıb ki, beynəlxalq mükafat Azərbaycanın mədəni irsin qorunması sahəsində həyata keçirdiyi islahatların, müasir idarəetmə prinsiplərinin, rəqəmsal inkişaf strategiyasının və cəmiyyətin bu prosesə fəal cəlb olunmasına yönəlmiş siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini təsdiqləyir.

Qeyd edək ki, "World Economic Magazine" tərəfindən təşkil olunan müsabiqələrdə Avstraliya, ABŞ, İsveçrə, Portuqaliya, Kanada, Misir, Meksika, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən dövlət qurumları və özəl təşkilatlar da müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüblər.

Məlumata görə, Dövlət Xidməti cari il ərzində mədəni irsin qorunması və idarə olunması sahəsində bir sıra beynəlxalq mükafatlar qazanaraq Azərbaycanın bu sahədə artan nüfuzunu və innovativ yanaşmalarını beynəlxalq müstəvidə nümayiş etdirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti