Bakı. Trend:
İyulun 7-də Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Rəssamlıq Akademiyasının (ADRA) təşkilati dəstəyi ilə həyata keçirilən “Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsində iştirak edən 26 gənc rəssamın mükafatlandırma mərasimi keçirilib.
Layihənin builki buraxılışında əsas diqqət keçmişin dağıntılarına deyil, Qarabağın bu gününə və gələcəyinə, regionun dirçəlişinə, bərpa və yenidənqurma prosesinə, həmçinin füsunkar təbiəti ilə mədəni irsinə yönəlib. Qeyd olunan mövzuda 26 gənc rəssam tərəfindən 24-ü rəsm, 5-i heykəltəraşlıq nümunəsi olmaqla ümumilikdə 29 sənət əsəri ərsəyə gətirilib.
Tədbirdə Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Rəssamlıq Akademiyasının (ADRA) rektoru, Xalq rəssamı Natiq Əliyev, ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, ADRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı Fuad Salayev və layihədə iştirak edən gənc rəssamlar iştirak ediblər.
QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev layihə ilə bağlı məlumat verərək onun əhəmiyyətindən və gənc rəssamların yaradıcılığına verdiyi töhfələrdən danışıb. Onun sözlərinə görə, ilk dəfə 2024-cü ildə reallaşdırılan “Qarabağın Rəngləri” layihəsinin məntiqi davamı olan “Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsi tarixi yaddaşımızın bədii sənət dili ilə gələcək nəsillərə ötürülməsində mühüm bir körpü rolunu oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin rəssamlar üçün böyük bir ilham mənbəyi olduğunu vurğulayan İdarə Heyətinin sədri, gənc rəssamların layihədə iştirak etməklə Qarabağın bərpası kimi tarixi bir missiyaya öz töhfələrini verdiklərini vurğulayıb.
Gələcəkdə layihənin miqyasının daha da genişlənəcəyinə və beynəlxalq müstəviyə daşınacağına ümidvar olduğunu bildirən Rəhman Hacıyev, başda rektor Natiq Əliyev olmaqla, layihənin uğurla baş tutmasına dəstək verən ADRA rəhbərliyinə və bənzərsiz əsərlər ərsəyə gətirən gənc rəssamlara dərin təşəkkürünü ifadə edib. Onun sözlərinə görə, gənc rəssamların fırçasından çıxan hər bir əsər təkcə Qarabağın keçmiş ağrı-acısını deyil, həm də bu gün regionda gedən möhtəşəm intibah prosesini və xalqımızın zəfər ruhunu özündə ehtiva edir.
Daha sonra çıxış edən ADRA-nın rektoru, Xalq rəssamı Natiq Əliyev layihənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və onların yaradıcılıq potensialının reallaşdırılmasında müstəsna rolunu qeyd edib. O, QDF ilə ADRA arasındakı səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, tələbələrin bu tarixi mövzuya göstərdikləri bədii yanaşmanı yüksək qiymətləndirməklə yanaşı, layihənin uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Tələbələrə qarşı diqqət və dəstəyə görə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyevə təşəkkür edən Natiq Əliyev sözügedən layihələrin Azərbaycan təsviri incəsənətinə də öz müsbət təsirini göstərdiyini vurğulayıb.
ADRA-nın prorektorları, Xalq rəssamları Səlhab Məmmədov və Fuad Salayev də öz növbələrində çıxış edərək, layihənin əhəmiyyətindən və təqdim olunan əsərlərin bədii dəyərindən söz açıblar.
Çıxışlardan sonra mükafatlandırma mərasiminə start verilib. “Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsi çərçivəsində əsərlərin müəlliflərinə Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikatlar, o cümlədən QDF və PAŞA Kapital İnvestisiya Şirkəti tərəfindən xüsusi təqaüd təqdim olunub.
Sonda layihədə iştirak edən tələbələr çıxış edərək onlara yaradılan bu imkana və yaradıcılıqlarına göstərilən yüksək diqqətə görə Fond rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.
Qeyd edək ki, “Qarabağın Rəngləri” layihəsi Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə 2024-cü ildə həyata keçirilib.
Layihə çəçivəsində 23 istedadlı gənc tərəfindən 23 sənət əsəri - 19 rəsm və 4 heykəltəraşlıq nümunəsi hazırlanıb. Həmin əsərlərin satışından əldə olunan 90.200 AZN vəsait Qarabağda aparılan bərpa-quruculuq işlərinə dəstək göstərilməsi məqsədilə Fonda ianə olunub.
Məlumat üçün bildirək ki, “Qarabağın Rəngləri” (2026) layihəsi çərçivəsində ərsəyə gətirilən əsərlər də yaxın günlərdə xeyriyyə hərracına çıxarılacaq və əldə edilən bütün vəsait QDF-ə ianə olunacaq.