Bakı.Trend:
Azərbaycanda "UnionPay" kartları üzrə əməliyyatların statistikası açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə bildirilib ki, cari ilin may ayının sonuna ölkədə rezident maliyyə təşkilatları tərəfindən buraxılmış UnionPay kartları (habelə statistik vahidin ödəniş kartları) vasitəsilə 2,3 min əməliyyat həyata keçirilib. Qeyd olunub ki, həmin əməliyyatların ümumi həcmi 250 min manatı ötüb.
Bankın məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə UnionPay kartları ilə aparılan əməliyyatların sayı 2,1 mindən çox və ya 11,5 dəfə, əməliyyatların həcmi isə 220 min manatdan çox və ya 8,3 dəfə azalıb.
AMB-nin məlumatına görə, hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış UnionPay kartları ilə həyata keçirilən əməliyyatların sayı 2,5 min, ümumi həcmi isə 400 min manat olub.
Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən eksklüziv müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.
"Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin edilməsidir", - deyə Mərkəzi Bank qeyd edib.
