Bakı. Trend:
Qax–Balakən sahəsində qeyri-sabit hava şəraiti nəticəsində dəmiryol infrastrukturuna dəyən zərərlə əlaqədar Bakı–Balakən marşrutu üzrə qatarların hərəkət cədvəli müvəqqəti dəyişiklik edilib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nın Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8–20 iyul tarixlərində Bakı–Balakən qatarları yalnız Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı istiqamətində hərəkət edən qatarlar isə Qax stansiyasından yola düşəcək.
Məlumata görə, sərnişinlərin Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarından Qax stansiyasına, eləcə də əks istiqamətdə daşınmasını təmin etmək məqsədilə ödənişsiz avtobuslar təşkil olunacaq.
Bundan əlavə, 20 iyul tarixinədək Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.
