Bakı. Trend:
Abşeron dairəvi dəmir yolu marşrutu üzrə dayanacaqların sayı 2030-cu ilədək 40-a çatdırılacaq.
Trend xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakıətrafı dəmir yolu infrastrukturunun genişləndirilməsi üzrə yeni layihələrin icrasını davam etdirir. Dövlət Proqramına əsasən Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar xətlərinin bərpası, həmçinin həmin istiqamətlərdə yeni stansiya və dayanacaqların tikintisi nəzərdə tutulur.
Bununla yanaşı, Bakı−Xırdalan−Sumqayıt xətti üzrə Baş Keşlə, Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi planlaşdırılır. Bakı–Pirşağı–Sumqayıt xəttində isə Kürdəxanı, Fatmayı və Saray dayanacaqları inşa olunacaq, N.Nərimanov stansiyasında qatarlara dayanacaq veriləcək”.
ADY rəsmisi qeyd edib ki, Abşeron dairəvi marşrutu üzrə fəaliyyət göstərən xətlərdə yeni dayanacaqların yaradılması hesabına stansiya və dayanacaqların sayı yaxın illərdə 22-yə çatacaq: “2030-cu ilədək isə Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan xətləri üzrə əlavə 18 stansiya və dayanacağın istifadəyə verilməsi ilə ümumi sayın 40-a çatdırılması planlaşdırılır.
Dövlət Proqramında nəzərdə tutulan əsas layihələrdən biri də Güzdək−Qaradağ dəmir yolu xəttinin bərpasıdır. Bu xətt istifadəyə verildikdən sonra yük qatarlarının əsasən həmin istiqamətə yönləndirilməsi Bakı−Xırdalan−Sumqayıt xəttində sərnişin qatarlarının buraxıcılıq imkanlarını artıracaq”.
Onun sözlərinə görə, ADY həmçinin 2030-cu ilədək 20 yeni sərnişin qatarının alınmasını planlaşdırır. Hazırda bu istiqamətdə xarici şirkətlərlə danışıqların və texniki təhlillərin davam etdiyi bildirilir.
“Son illərdə Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 66-dan 96-ya çatdırılıb. Eyni zamanda bilet satışı rəqəmsallaşdırılıb, “ADY Mobile” tətbiqi istifadəyə verilib və stansiyalarda modernləşdirmə işləri aparılıb”,-deyə o əlavə edib.
