Belarus Universal Əmtəə Birjası Azərbaycandan olan ixracatçıların sayının artırılması məsələsini nəzərdən keçirir

İqtisadiyyat Materials 8 May 2026 13:00 (UTC +04:00)
Belarus Universal Əmtəə Birjası Azərbaycandan olan ixracatçıların sayının artırılması məsələsini nəzərdən keçirir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Belarus Universal Əmtəə Birjası Azərbaycandan olan ixracatçıların sayının artırılması məsələsini nəzərdən keçirir.

Trend xəbər verir ki, bunu Belarus Universal Əmtəə Birjası ASC-nin xarici iqtisadi fəaliyyət idarəsinin rəisi Yaroslav Kovalçuk Bakıda keçirilən Belarus Universal Əmtəə Birjasının seminarında deyib.

Onun sözlərinə görə, bəzən ayrı-ayrı müəssisələr, o cümlədən Azərbaycandan olanlar, qiymət gözləntilərinin uyğun gəlməməsi səbəbindən ticarətə qatılmırlar:

“Lakin birja mexanizminin xüsusiyyəti ondan ibarətdir ki, qiyməti məhz iştirakçılar formalaşdırır və hər bir şirkətin aktivliyi qiymətin formalaşmasına birbaşa təsir edir”.

Kovalçuk vurğulayıb ki, ticarətlər müştərilər üçün maksimal dərəcədə rahat formatda təşkil olunur.

“İştirakçıların əks-təkliflər irəli sürmək imkanı var və proses bir neçə mərhələdə həyata keçirilir. Əgər siz çatdırılma şərtləri, qiymət, həcm və ya digər parametrlərdən razı deyilsinizsə, ticarət gedişində həm satıcılara, həm də alıcılara birbaşa öz şərtlərinizi təklif edə bilərsiniz. Bu baxımdan bizim proqram kompleksi maksimum çeviklik və rahatlığa yönəlib və sövdələşmələrin qarşılıqlı faydalı şərtlərlə bağlanmasına şərait yaradır”, -deyə o bildirib.

Kovalçuk qeyd edib ki, birjada 83 ölkədən təsərrüfat subyektləri akkreditasiyadan keçib, Belarusla birlikdə isə bu rəqəm 84 ölkəni əhatə edir.

“Bu şirkətlər təkcə qeydiyyatdan keçməyib, həm də aktiv şəkildə ticarətdə iştirak edirlər. Bəzi hallarda ilkin olaraq Belarus bazarında işləmək məqsədi ilə birjaya çıxan müəssisələr sonda üçüncü ölkələrdən olan tərəfdaşlarla da müqavilələr bağlayırlar”, – deyə o əlavə edib.

Onun sözlərinə görə birja beynəlmilləl bir meydançadır və o təkcə bir ticarət qrupu ilə məhdudlaşmır.

“Belarus və Azərbaycan arasında ticarətin əsasını ənənəvi olaraq metal məhsullar təşkil edir, lakin biz kənd təsərrüfatı məhsullarına marağın da davamlı şəkildə artdığını görürük.

Eyni zamanda bizim strateji məqsədimiz Azərbaycan ixracatçılarının Belarus bazarına daha fəal cəlb edilməsidir. Azərbaycan məhsulları haqlı olaraq yüksək keyfiyyəti ilə tanınır və məsələn, “Bakı pomidorları” artıq keyfiyyətin rəmzinə çevrilib. Bizim birja platforması vasitəsilə tərəvəz, meyvə, quru meyvələrdən başlayaraq müxtəlif məhsul kateqoriyalarının geniş çeşidini satmaq mümkündür”,- deyə Yaroslav Kovalçuk qeyd edib.

O bildirib ki, birjanın əsas xüsusiyyəti ticarətin real mal üzərində aparılmasıdır:

“Bu o deməkdir ki, məhsul artıq istehsal olunub və anbarlarda mövcuddur, iştirakçıların onun istehsalını gözləməsinə ehtiyac yoxdur. Bu yanaşma biznes proseslərini xeyli sürətləndirir. Bundan əlavə, Azərbaycan və Belarus arasında logistika marşrutları artıq yüksək səviyyədə qurulub. Digər bir xüsusiyyət isə proseslərin tam distant şəkildə həyata keçirilməsidir: akkreditasiya, təlim və ticarətdə iştirak məsafədən, Belarusda fiziki iştirak olmadan mümkündür. Nəhayət, bütün sövdələşmələr ödəniş və çatdırılma öhdəliklərinin icrası ilə müşayiət olunur”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti