Bakı.Trend
Azərbaycan və Belarus qarışıq gübrələrin birgə istehsalı layihəsini həyata keçirir.
Trend xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən Belarus Universal Əmtəə Birjasının seminarında deyib.
“Məlum olduğu kimi, AZPROMO Belarus Universal Əmtəə Birjası ilə imzalanmış memorandum çərçivəsində əmtəə dövriyyəsinin artırılması, işgüzar əlaqələrin genişləndirilməsi və ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə qarşılıqlı fəaliyyət göstərir.
Sevindirici haldır ki, Belarus və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verən hökumətlərarası komissiya mexanizmi effektiv fəaliyyət göstərir. Bu cür platformalar çox vaxt əsasən siyasi və protokol xarakteri daşısa da, Azərbaycan və Belarus arasında hökumətlərarası komissiya hər il biznes, kooperasiya və birgə layihələr sahəsində konkret planlar formalaşdırır”, - deyə o bildirib.
Tural Hacılının sözlərinə görə, 2026-cı ilin birinci rübündə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 11 faiz artıb.
“Şübhəsiz ki, burada bütün səylərimizin, platforma və meydançalarımızın, həmçinin Belarusda fəaliyyət göstərən və Azərbaycan qida məhsullarının fəal təşviqi ilə məşğul olan ticarət evinin də payı var.
Bundan əlavə, birgə layihələr üzrə fəal iş aparılır. Hazırda qarışıq gübrələrin birgə istehsalı layihəsi həyata keçirilir və yaxın vaxtlarda reallaşdırılacaq. Bu layihələr qarşılıqlı ticarət dövriyyəsinin artımına, o cümlədən üçüncü ölkələrə ixrac istiqamətində əhəmiyyətli təsir göstərəcək.
Biz həmçinin bilirik ki, 2007-ci ildən etibarən Gəncə Avtomobil Zavodunda MTZ traktorları istehsal olunur, eləcə də yük avtomobilləri, avtobuslar, qoşqular və digər texnikaların yığımı həyata keçirilir. Bu istiqamətdə işlər davam etdirilir.
Paralel olaraq lift və məişət texnikasının yığımı üzrə layihələr də gerçəkləşdirilir. Bizim çox geniş birgə gündəliyimiz var və şirkətlər, özəl sektor və dövlət qurumları ilə birlikdə bu təşəbbüslərin həyata keçirilməsi üzərində işləyirik”, - deyə o əlavə edib.
