Ən çətin fənn riyaziyyat oldu - Ölkə birincisi

Cəmiyyət Materials 8 May 2026 18:28 (UTC +04:00)
Ən çətin fənn riyaziyyat oldu - Ölkə birincisi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirdiyi buraxılış imtahanının nəticələri elan olunub. Nəticələrə görə, ölkə üzrə 8 nəfər maksimum nəticə göstərib. Həmin şagirdlərin 7-si Bakı və Abşeron məktəblərindən, biri isə region məktəbindəndir.

300 ballıq maksimum nəticə ilə ölkə birincilərindən olan Bakı şəhər 102 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Məhərrəmli Həsən imtahan təəssüratları barədə Trend-ə açıqlama verib.
Onun sözlərinə görə, ölkə birincilərindən olmaq həm qürurverici, həm də məsuliyyətli hissdir. Həsən qeyd edib ki, imtahan nəticələrini öyrənəndə çox həyəcanlanıb və sevinib:

"İlk olaraq bu sevinci ailəm və müəllimlərimlə paylaşdım. Əziyyətimin qarşılığını almaq mənim üçün böyük motivasiya oldu. Yüksək nəticə gözləyirdim, çünki ilboyu planlı və ciddi şəkildə hazırlaşmışdım. Xüsusilə son aylarda təkrara daha çox vaxt ayırmışdım. Bu nəticə insanı daha da çalışqan olmağa həvəsləndirir və gələcək üçün böyük motivasiya verir".

Həsən imtahan suallarının çətinliyi barədə iddialara da münasibət bildirib. O vurğulayıb ki, suallarda proqramdan kənara çıxmalar olmayıb:

"Suallar ümumilikdə proqram çərçivəsində idi. İmtahan zamanı təxminən bir saat yarımı riyaziyyata ayırdım. Məncə, ən çətin fənn riyaziyyat oldu".

Ölkə birincisi gələcəkdə hansı sahəni seçəcəyini də açıqlayıb:

"Gələcəkdə iqtisadiyyat sahəsini seçmək istəyirəm. Hazırda əsas məqsədim Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almaqdır. İmtahana hazırlaşanlara tövsiyəm odur ki, planlı olsunlar, təkrara xüsusi yer ayırsınlar və daim öz üzərlərində çalışsınlar. Stressə düşmək lazım deyil. Çətin görünən mövzuların üzərinə getdikcə nəticə mütləq yaxşı olur", - o, bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti