Azərbaycanın prezidentliyi ilə Almaniyada Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başa çatıb (FOTO)

İqtisadiyyat Materials 8 May 2026 15:36 (UTC +04:00)
Azərbaycanın prezidentliyi ilə Almaniyada Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başa çatıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın prezidentliyi ilə Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Sammitində sonuncu gün də mühüm müzakirələrlə yadda qalıb.

Trend xəbər verir ki, sammit çərçivəsində “Orta Dəhliz: dayanıqlı, rəqabətqabiliyyətli və gələcəyə hazır Avrasiya bağlantısına strateji investisiyalar” adlı sessiya təşkil edilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxışında bildirib ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən mühüm bağlantı kimi ön plana çıxıb. Bu dəhliz daha sürətli tranzit, marşrut sabitliyi və yeni bazarlara çıxış imkanı yaradır. Azərbaycanın əsas prioriteti coğrafi üstünlüyü müasir və səmərəli tranzit sisteminə çevirməkdir. Bu məqsədlə Bakı – Tbilisi – Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı və müxtəlif nəqliyyat növlərini birləşdirən Ələt Azad İqtisadi Zonası daxil olmaqla mühüm infrastruktur layihələrinə böyük investisiyalar yatırılıb. İnfrastrukturla yanaşı, prosedurların sadələşdirilməsi, nəqliyyat növləri arasında koordinasiyanın gücləndirilməsi və rəqəmsal həllərin tətbiqinə də xüsusi diqqət yetirilir.

Nazir müavini Rəhman Hümmətov Sammitin uğurlu olduğunu, geniş və gələcəyə yönələn müzakirələr aparıldığını bildirib. Qeyd edib ki, siyasət tövsiyələrinin qəbulu, üzvlərin sayının artması mühüm mərhələdir. Qana, Panama və Perunun BNF-yə qoşulması təşkilatın qlobal xarakterini daha da gücləndirir.

Rəhman Hümmətov prezidentliyi təhvil alan Çex Respublikasını təbrik edərək Azərbaycanın dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Bununla da Azərbaycanın prezidentliyi ilə BNF-nin Sammiti uğurla başa çatıb. Beləliklə, Beynəlxalq Nəqliyyat Forumuna prezidentlik Azərbaycana mühüm iqtisadi və strateji üstünlüklər qazandırdı, ölkəmizin qlobal nəqliyyat xəritəsində mövqeyini daha da möhkəmləndirdi. “Yaşıl” nəqliyyat, rəqəmsal logistika və dayanıqlılıq məsələlərinin ön plana çıxarılması bu sahələrdə modernləşmə prosesini sürətləndirdi. Eyni zamanda Azərbaycanın tranzit və logistika mərkəzi kimi rolu gücləndi, nəqliyyat əlaqələrinin inkişafı üçün yeni investisiya və tərəfdaşlıq imkanları yarandı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti