Bakı.Trend:
"bp Azerbaijan" şirkəti ABŞ-nin şirkətə İranın NICO və Rusiyanın LUKOIL şirkətləri ilə birlikdə Azərbaycanın "Şahdəniz" qaz yatağında əməliyyatları davam etdirməsinə imkan verən lisenziyanı uzatdığını təsdiqləyib.
"bp Azerbaijan"dan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bp hər zaman tətbiq olunan qanunlara və sanksiya rejimi qaydalarına riayət etməyə can atır.
"Sözügedən lisenziyaların müddəti uzadılıb. “Şahdəniz”də işlər sanksiya tələblərinə tam uyğun şəkildə davam edir”,- deyə vurğulanıb.
Qeyd edək ki, bp ABŞ sanksiyaları altında olan Rusiya və İran tərəfdaşları ilə birlikdə layihədə iştirak edir və qüvvədə olan qanunvericiliyə riayət olunması məqsədilə Vaşinqton xüsusi lisenziya təqdim edir. Həmin lisenziyanın müddəti hazırda yenidən uzadılıb.
Əvvəlki lisenziyanın müddəti aprel ayında başa çatıb, yeni lisenziyanın hansı müddəti əhatə etdiyi isə açıqlanmayıb.
“Şahdəniz” layihəsində iştirak payları aşağıdakı kimidir:
bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19,00%), SGC (16,02%), NICO (10,00%) və MVM (5,00%).
bp-nin məlumatlarında görə, istismara verildiyi 2006-cı ildən bəri 2026-cı ilin birinci rübünün sonuna kimi yataqdan 271 milyard kubmetrə yaxın qaz və 53 milyon ton kondensat hasil olunub.
2026-cı ilin birinci rübündə "Shah Deniz Alpha" və "Shah Deniz Bravo" platformalarından təxminən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təxminən 7 milyon barel) kondensat hasil edilib. Bu göstərici 2025-ci ilin birinci rübü səviyyəsində qalıb.
Hazırda "Şahdəniz"in istehsal gücü günə təxminən 74,2 milyon standart kubmetr qaz və ya illik təxminən 27,1 milyard kubmetr təşkil edir.
