Bakıda yeni qatar dayanacağı istifadəyə verildi (FOTO/VİDEO) (YENİLƏNİB)

Cəmiyyət Materials 8 May 2026 08:58 (UTC +04:00)
Bakıda yeni qatar dayanacağı istifadəyə verildi (FOTO/VİDEO) (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron dairəvi marşrutu üzrə Dərnəgül dayanacağını istifadəyə verilib.

Trend xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.

ADY rəsmisi bildirib ki, yeni dayanacaq 8 may 2026-cı il tarixindən sərnişinlərin istifadəsinə açılıb.

“Layihə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.

Bakı–Xırdalan–Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı müasir infrastruktur standartlarına və inklüzivlik prinsiplərinə uyğun qurulub. Ərazidə 2 turniket binası, 2 gözləmə zalı, 4 platforma və 1 piyada üst keçidi tikilib, həmçinin abadlıq və yaşıllaşdırma işləri aparılıb”.

O qeyd edib ki, sərnişin axınının idarə olunması məqsədilə Bakı istiqaməti üzrə 11, Sumqayıt istiqaməti üzrə isə 10 turniket quraşdırılıb: “Fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə hərəkət edən valideynlər üçün xüsusi geniş keçidli turniketlər də yaradılıb. Bundan əlavə, Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri salınıb.

Yeni dayanacaq üzrə Bakı–Dərnəgül, Dərnəgül–Biləcəri və Dərnəgül–Xırdalan istiqamətlərində gediş haqqı 0,60 manat, Dərnəgül–Sumqayıt istiqamətində isə 1 manat müəyyən edilib.

Qatarlar Bakı Dəmiryol Vağzalından Dərnəgül dayanacağına 10 dəqiqəyə, Dərnəgül–Biləcəri istiqamətinə 8 dəqiqəyə, Dərnəgül–Xırdalan istiqamətinə isə 15 dəqiqəyə çatacaq”.

A.Fərəcov vurğulayıb ki, yeni dayanacaq paytaxtın mərkəzində, xüsusilə “28 May” metro stansiyası və Bakı Dəmiryol Vağzalı ətrafında müşahidə olunan sıxlığın azaldılmasına töhfə verəcək.

“Dərnəgül dayanacağının metro və avtobus xətləri ilə inteqrasiyası sərnişinlərin şəhər mərkəzinə daxil olmadan səfərlərini davam etdirməsinə imkan yaradacaq.

İlkin mərhələdə dayanacaqda illik 200 min sərnişinə xidmət göstərilməsi, 2030-cu ilədək isə bu göstəricinin 500 minə çatdırılması proqnozlaşdırılır”.

xxx

08:33

Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşən "Dərnəgül" dayanacağı istifadəyə verilib.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti