Bakı. Trend:
Almaniyanın qərbində yerləşən Zinsiq şəhərində naməlum şəxslər “Volksbank” bankının filialına basqın edərək insanları girov götürüblər.
Trend bu barədə Almaniya KİV-ə istinadən xəbər verir.
Polis şəhər mərkəzini mühasirəyə alıb, əməliyyata helikopter də cəlb olunub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, girov götürülməsi ilə bağlı xəbər yerli vaxtla səhər saat 09:00-da daxil olub. Bankda neçə nəfərin olduğu açıqlanmır. Yalnız bildirilib ki, hadisədə bir neçə silahlı şəxs və girov iştirak edir. Girovlar arasında inkassator avtomobilinin sürücüsü də var.
Mühasirəyə alınmış ərazidə yaşayan sakinlərə evlərini tərk etmək qadağan edilib.
Hücum edənlərin silahlı olub-olmaması və hadisə nəticəsində yaralananların olub-olmaması barədə məlumat verilmir. Polis həmçinin bundan sonrakı addımlarını şərh etmir ki, məlumatdan cinayətkarlar istifadə edə bilməsinlər.
