"Ortaq risklər, ortaq həllər: Aqrar sığorta modeli" mövzusunda panel müzakirə keçirilib

Cəmiyyət Materials 7 May 2026 18:13 (UTC +04:00)
"Ortaq risklər, ortaq həllər: Aqrar sığorta modeli" mövzusunda panel müzakirə keçirilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

“Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda Sığorta Forumu çərçivəsində "Ortaq risklər, ortaq həllər: Aqrar sığorta modeli" mövzusunda panel müzakirə təşkil edilib.

Trend xəbər verir ki, panel müzakirələrdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat, Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Sığorta Fondunun rəhbəri Achilov Morodjin Azamatovich, Aqrar Sığorta Fondunun İdarə Heyəti Sədrinin müşaviri Şahin Hüseynli, "AzRe Təkrarsığorta ASC"-nin baş icraçı direktoru Vüsal Abbasov çıxış ediblər.

Vüsal Abbasov çıxışında təkrar sığorta mexanizmlərindən, illər üzrə aqrar sahədə bas verən hadisələr nəticəsində dəyən zərərlərdən danışıb:

"Sığorta dünyasında aqrar sığorta adətən dövlət tərəfindən dəstəklənir. Digər dövlət əsaslı tərəfdaşlıqlar partnyorlara subsidiyalar verir və ya yüksək sığorta zərərlərinin qarşılanmasına kömək edir, beləliklə daha geniş əhatə və əlçatanlıq təmin olunur. Məqsəd sığortanı yüksək riskli hallarda belə əlçatan etməkdir. Belə vəziyyətlərdə risk çox olduqda xərclərin bölüşdürülməsi mexanizmləri, dövlət dəstəyi və sığorta birlikdə istifadə olunur".

Şahin Hüseynli isə çıxışı zamanı investisiyalar və ərzaq təhlükəsizliyi məsələlərinə diqqət çəkib:

"Aqrar sığortanı bir sadə dillə desək, təkcə maliyyə dəstəyi ilə bağlı deyil. Bu, həm də kənd təsərrüfatında inamın formalaşdırılmasıdır - fermerlərin investisiyalarına, investisiya gücünə və dayanıqlığına inamın artırılmasıdır. Eyni zamanda, bu, ərzaq təhlükəsizliyini gücləndirməyə yönəlmiş bir mexanizmdir. Biz inanırıq ki, qarşıya qoyulan məqsədlər yalnız milli səviyyədə deyil, həm də beynəlxalq və regional əməkdaşlıq vasitəsilə daha yaxşı nəticələr verə bilər.”

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat isə çıxışında kənd təsərrüfatına yeni yanaşmalardan bəhs edib:

"Kənd təsərrüfatına fərqli baxış bucağından yanaşmaq və ona aqrobiznes kimi baxmaq lazımdır. Kənd təsərrüfatı artıq yalnız özünü təminetmə fəaliyyəti deyil. Bu, bir biznesdir. Biz aqrobiznes sahibkarları olaraq dükan sahibləri, şirkətlər, restoran sahibləri və ümumilikdə biznes rəhbərləri kimi düşünməliyik".

Panel müzakirələr və sual-cavab şəklində davam edib.

Xəbər lenti

Xəbər lenti