Bakı. Trend:
Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,75 milyard ABŞ dolları həcmində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir.
Vəsaitin xarici ticarətin maliyyələşdirilməsi, davamlı kənd təsərrüfatı layihələri və real sektorda investisiyalar üçün istifadə olunması nəzərdə tutulmuşdur. Layihə iqtisadiyyatın müxtəlif sahələrində dayanıqlı və inklüziv inkişafın təşviqinə xidmət etməklə yanaşı, eyni zamanda beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə əlavə imkanlar yaradır.
Qeyd edək ki, layihədə dünyanın 24 ölkəsindən 60 aparıcı maliyyə institutu iştirak etmişdir.
Xalq Bank əvvəlki illərdə də dayanıqlı inkişaf prinsiplərini əsas götürərək müxtəlif irihəcmli sindikat kredit layihələrində fəal iştirak etmiş, bu istiqamətdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir.
