IsDB-nin Bakıda keçiriləcək İllik toplantıları Azərbaycanın iqtisadi nailiyyətlərinin nümayişi üçün platformaya çevriləcək – Sədr (ÖZƏL MÜSAHİBƏ) (VİDEO)

İqtisadiyyat Materials 7 May 2026 08:00 (UTC +04:00)
IsDB-nin Bakıda keçiriləcək İllik toplantıları Azərbaycanın iqtisadi nailiyyətlərinin nümayişi üçün platformaya çevriləcək – Sədr (ÖZƏL MÜSAHİBƏ) (VİDEO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçiriləcək İllik Toplantılarında Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər təqdim olunacaq.

Bunu Azərbaycana səfəri çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə IsDB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir bildirib.

“Bu səfər xüsusi önəm daşıyır, çünki iyun ayında keçiriləcək İllik Toplantılara hazırlıq mərhələsinin kulminasiya nöqtəsidir. Bu, İslam İnkişaf Bankının Bakıda illik toplantılarını keçirməsinin artıq ikinci halıdır. Əlbəttə, bugünkü Bakı 2010-cu ildəki Bakıdan əhəmiyyətli dərəcədə fərqlənir. Biz Bakını göstərmək, Azərbaycanın son 20 il ərzində necə inkişaf etdiyini nümayiş etdirmək istəyirik”,- deyə o qeyd edib.

Əl-Casirin sözlərinə görə, səfərin əsas məqsədlərindən biri qarşıdan gələn tədbirlərin təşviqi və onların yüksək təşkilati səviyyədə keçirilməsinin təmin olunmasına yönəlmiş informasiya kampaniyası olub.

“Biz bir növ roadşou təşkil etməyə çalışdıq ki, qarşıdakı toplantıları təqdim edək və əmin olaq ki, bütün detallar həm Azərbaycan hökumətinin komandası, həm də İslam İnkişaf Bankındakı komandamız tərəfindən diqqətlə işlənib hazırlanıb. Onlar vahid komanda kimi fəaliyyət göstərirlər ki, bu da səmərəli əməkdaşlığın bariz nümunəsidir”,- deyə o vurğulayıb.

IsDB rəhbəri dövlət qurumları ilə, ələlxüsus da Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərin əhəmiyyətini də qeyd edib.

“Biz həmçinin hökumət nümayəndələri, xüsusilə Prezident İlham Əliyevlə görüşmək, qarşıdan gələn toplantılarla bağlı onun məsləhət və baxışlarını eşitmək istəyirdik. Onun iqtisadi prioritetlərlə bağlı baxışını, eləcə də İslam İnkişaf Bankına Bakıda keçirilən bütün tədbirlər çərçivəsində göstərdiyi səmimi və qonaqpərvər münasibəti eşitmək son dərəcə məzmunlu və ilhamverici oldu”, – deyə Əl-Casir əlavə edib.

O bildirib ki, Prezident İlham Əliyev xüsusilə azad edilmiş ərazilərdən sonrakı dövr kontekstində iqtisadi inkişafla bağlı baxışlarını bölüşüb.

“Onun iqtisadi inkişaf sahəsində çox böyük ambisiyaları var. Prezident İlham Əliyev həmçinin İslam İnkişaf Bankının əhəmiyyətini vurğuladı. Mən isə öz növbəmdə Prezident İlham Əliyevi əməkdaşlığa maraqlı olduğumuza əmin etdim. Çünki xoşbəxtlikdən Azərbaycan çox aşağı inflyasiyaya, aşağı dövlət borcuna və layihələrin icrasında yüksək səmərəliliyə malik dayanıqlı iqtisadiyyata sahibdir. Bütün bunlar bizi yeni layihələrdə iştirakımızı genişləndirməyə son dərəcədə maraqlı edir”,- deyə IsDB Qrupunun sədri qeyd edib.

O xatırladıb ki, Bank tərəfindən ötən ilin fevralında təsdiqlənən son layihə Qarabağda 436 milyon ABŞ dollarından artıq dəyərə malik suvarma kanalı layihəsidir və bu layihə kənd təsərrüfatı torpaqlarının genişləndirilməsinə imkan verəcək.

“Azərbaycan əhəmiyyətli kənd təsərrüfatı resurslarına malikdir, lakin su ehtiyatları ilə təmin olunmaya ehtiyac var. Bu layihə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər və yaxın perspektivdə qonşu ölkələrə ərzaq ixracı nəzərəçarpacaq dərəcədə artacaq. Bu cür investisiyaların multiplikativ effekti artıq yaxın gələcəkdə özünü göstərəcək”, – deyə o vurğulayıb.

Əl-Casirin sözlərinə görə, Prezident İlham Əliyev inkişaf və əməkdaşlığın digər istiqamətlərini də müəyyən edib.

“Mən qeyd etdim ki, biz hökumətin işinin tamamlandığı mərhələdən başlayırıq. 2027–2031-ci illər üzrə dövlətlə tərəfdaşlıq strategiyasını razılaşdırmağı planlaşdırırıq və bu strategiya Azərbaycanın inkişaf planı ilə sinxronlaşdırılacaq. Biz Azərbaycanın iqtisadi inkişaf məqsədlərinə nail olmaq üçün addımbaaddım birlikdə irəliləyəcəyik”, – deyə o əlavə edib.

Əl-Casir bildirib ki, iyun ayında keçiriləcək toplantılar ilk növbədə Azərbaycanın iqtisadi inkişaf və institusional yetkinlik sahəsində, o cümlədən qəbul edən ölkə kimi rəqəmsal inkişaf sahəsində nailiyyətlərini nümayiş etdirəcək.

“Azərbaycan digər ölkələrin nümunə götürə biləcəyi modeldir. İkincisi, biz həm müstəqil şəkildə, həm də Ərəb Koordinasiya Qrupu və digər inkişaf institutları ilə birlikdə hansı layihələri maliyyələşdirə biləcəyimizi müzakirə etmək istəyirik. Bu, hamımızın bir araya gəlib yerində vəziyyəti görməsi üçün imkandır. İnsanlar gəlib Bakıda bizim gördüklərimizi öz gözləri ilə görsələr, əminəm ki, bundan təsirlənəcəklər. Bu isə öz növbəsində yalnız dövlət inkişaf institutlarını deyil, həm də özəl investorları cəlb edəcək. Burada əsas məqam Azərbaycanın nailiyyətlərinin nümayişidir”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, bundan əlavə, inkişaf institutları arasında bilik mübadiləsi və birgə təşəbbüslər də mühüm əhəmiyyət kəsb edir.

“Lakin ən vacibi İslam İnkişaf Bankı ilə Azərbaycan arasındakı münasibətlərdir. Onlar artıq yaxşı səviyyədədir və biz onları daha da dərinləşdirmək niyyətindəyik”, – deyə o əlavə edib.

2027–2031-ci illər üzrə Tərəfdaşlıq Strategiyasından söz açan Əl-Casir bildirib ki, sənəd artıq hazırlanma mərhələsindədir.

“Ümid edirik ki, bu məsələ ilə bağlı qarşılıqlı anlaşma memorandumu iyun ayında imzalanacaq. Bu, iqtisadi inkişaf təkanını əhəmiyyətli dərəcədə gücləndirəcək. Belə mexanizm və digər inkişaf institutlarının iştirakı olmadan bəzi layihələr gecikə bilər. Lakin sizin balanslaşdırılmış iqtisadi siyasətiniz sayəsində bizim kimi institutlardan borclanma cəlb edə və iqtisadiyyatın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən layihələrin icrasını təxirə salmaya bilərsiniz. Ölkədə dövlət borcu nisbətən aşağı səviyyədə qalır və borclanma yalnız məhsuldar investisiyalara yönəldilir. Bu investisiyaların iqtisadiyyata təsiri həmişə müsbətdir: onlar daha yüksək multiplikativ effekt yaradır, iqtisadi artımı və vətəndaşlar üçün keyfiyyətli iş yerlərinin yaradılmasını təmin edir”,- deyə o bildirib.

Daha sonra Əl-Casir Azərbaycanda islam maliyyəsinin inkişafındakı irəliləyişə toxunaraq, hökumətin bu sahədə çox müsbət yanaşma nümayiş etdirdiyini qeyd edib.

“Birincisi, islam bankçılığı mexanizmləri, o cümlədən tam hüquqlu islam maliyyə bazarının fəaliyyəti üçün zəruri normativ-hüquqi baza hazırlanıb. Bu baza artıq mövcuddur və biz bu istiqamətdə texniki dəstək göstərmişik. İkincisi, biz maliyyələşmə mənbələrinin şaxələndirilməsinə çalışırıq ki, həm investorlar, həm də hökumət daha geniş alətlər seçiminə malik olsun. Sukuk və digər islam maliyyə alətləri artıq əlçatan olacaq və bu da Azərbaycanın daha dərin maliyyə bazarlarına çıxışını təmin edəcək”, -deyə o bildirib.

IsDB Qrupunun sədri qeyd edib ki, hazırda islam maliyyəsi bazarının həcmi təxminən 3,5 trilyon dollar təşkil edir və bu, ənənəvi bazarlarda mövcudluğu qorumaqla yanaşı, daha geniş maliyyə imkanlarına çıxış yaradır.

“Bu, faktiki olaraq maliyyələşmə bazasını genişləndirir və inkişafın bu mərhələsində zəruri olan layihələr üçün maliyyə əlçatanlığını artırır. Söhbət maliyyələşmə mənbələrinin şaxələndirilməsindən gedir ki, bu da öz növbəsində iqtisadiyyatın daha geniş şaxələndirilməsini dəstəkləyir – istər kənd təsərrüfatı, istər sənaye, istər rəqəmsal inkişaf, istərsə də bərpa olunan enerji sahələrində. Ölkə artıq çox iş görür və gələcəkdə daha çox nailiyyət əldə edə bilər. Biz hesab edirik ki, islam maliyyəsi bu prosesə əlavə dəstək verə bilər”, – deyə o izah edib.

Əl-Casir Azərbaycanın beynəlxalq ticarət və logistika üzrə regional mərkəz kimi artan rolunu da yüksək qiymətləndirib.

“Birincisi, Azərbaycanın əlverişli və rahat strateji coğrafi mövqeyi var. İkincisi, ölkə iqtisadiyyatı çox balanslı və düşünülmüş şəkildə idarə olunur. Azərbaycan region ölkələri ilə dostluq münasibətləri qurur ki, bu da iqtisadi inkişaf üçün son dərəcə vacibdir. Bu baxımdan Azərbaycan və regionun digər ölkələri yüksək qiymətə layiqdir, çünki onlar iqtisadiyyatın inkişafına və gənclər üçün keyfiyyətli iş yerlərinin yaradılmasına fokuslanıblar. Azərbaycan bu baxımdan irəlidə olaraq ticarət marşrutlarının, logistikanın və nəqliyyat dəhlizlərinin – istər dəmir yolları, istər avtomobil magistralları, istərsə də dəniz bərə xətləri üzrə – inkişafı üçün cəlbedici qovşağa çevrilir. Bütün bunlar artıq Azərbaycanı regionda mühüm ticarət qovşağına çevirir və region ölkələrinin potensialının artmasına töhfə verir. Azərbaycan bu prosesdə çox müsbət rol oynayır”,- deyə o qeyd edib.

Müsahibənin sonunda Əl-Casir bildirib ki, İslam İnkişaf Bankı Azərbaycanla əməkdaşlığın perspektivlərinə nikbin baxır.

“Biz artıq Azərbaycanda yeni layihələrin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçiririk, belə ki, onun gələcəyinə və iqtisadi idarəetmənin keyfiyyətinə inanırıq. Biz İslam İnkişaf Bankının üzv ölkələrində məhz bunu görmək istəyirik. İnanırıq ki, Azərbaycan inkişaf etmiş iqtisadiyyata və donor ölkəyə çevriləcək, borcalan ölkə olmayacaq. Mənim fikrimcə, bu hədəfə çatmağa o qədər də çox qalmayıb”, - deyə o yekunlaşdırıb.

“Biz artıq Azərbaycanda yeni layihələrin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçiririk, çünki onun gələcəyinə və iqtisadi idarəetmənin keyfiyyətinə inanırıq. Biz İslam İnkişaf Bankının üzv ölkələrində məhz bunu görmək istəyirik. Ümid edirik ki, Azərbaycan inkişaf etmiş iqtisadiyyata və donor ölkəyə çevriləcək, borcalan ölkə olmayacaq. Mənim fikrimcə, bu hədəfə çatmaq o qədər də uzaqda deyil”, – deyə o yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti