Ukrayna WUF13-də post-münaqişə dövrünün bərpası sahəsində Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır - Baş nazirin müavini

Siyasət Materials 7 May 2026 12:24 (UTC +04:00)
Ukrayna WUF13-də post-münaqişə dövrünün bərpası sahəsində Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır - Baş nazirin müavini
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Leypsiq.Trend:

Ukrayna qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) post-münaqişə dövrünün bərpası sahəsində Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır.

Bunu Leypsiqdə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında Trend-in müxbirinin sualı cavablandırarkən Ukraynanın bərpa üzrə baş nazirinin müavini – icmaların və ərazilərin inkişafı naziri Aleksey Kuleba bildirib.

“Təcrübə mübadiləsinə hazırıq. Bir neçə həftədən sonra Bakıda keçiriləcək forumda iştirak edəcəyik və orada bu kimi məsələləri müzakirə etməyi planlaşdırırıq”,- deyə Kuleba bildirib.

Onun sözlərinə görə, münaqişə illəri ərzində 40 mindən çox obyekt dağıdılıb və ya zədələnib. Bunların sırasında 33 min çoxmənzilli yaşayış binası və 200 min fərdi ev yer alır. Problemin həlli məqsədilə Ukrayna iki mərhələli bərpa planı həyata keçirir. Əsas diqqət operativ bərpa işlərinə və zərərçəkmiş vətəndaşlara kompensasiyaların ödənilməsinə yönəldilib. Artıq 193 mindən çox şəxs zədələnmiş və ya məhv edilmiş əmlaka görə kompensasiya alıb.

Kuleba vurğulayıb ki, Ukrayna müharibədən sonrakı dövr üçün genişmiqyaslı bərpa strategiyası hazırlayır, lakin bunun vaxtı müharibənin nəticələrindən asılı olacaq.

“Bizim üçün prioritet - insanlarımızdır. Hazırda sürətli və şəffaf kompensasiya mexanizmlərinə fokuslanmışıq. Müharibədən sonra isə Ukraynanın genişmiqyaslı bərpa strategiyasını həyata keçirməyi planlaşdırırıq”,- deyə Kuleba əlavə edib.

Qeyd edək ki, "WUF13" mayın 17-dən 22-dək BMT-nin UN-Habitat proqramı ilə Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçiriləcək. Forum müxtəlif ölkələrdən dövlət qurumlarının, bələdiyyələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin, gənclərin və akademik dairələrin nümayəndələrini, eləcə də beynəlxalq təşkilatları bir araya gətirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti