Fermer və təsərrüfat sahiblərinə 23 milyon manat sığorta ödənilib

İqtisadiyyat Materials 7 May 2026 14:52 (UTC +04:00)
Fermer və təsərrüfat sahiblərinə 23 milyon manat sığorta ödənilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin nəticələrinə görə, Azərbaycanda 7,6 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Aqrar sektorun ÜDM-də payı 5,9%, qeyri-neft sektorunda isə 8,3% təşkil edir.

Trend xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakıda keçirilən “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda Sığorta Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu sektor ölkəmizin ərzaq təhlükəsizliyində mühüm yer tutur - ərzaq istehlakının 80%-i məhz yerli istehsal hesabına təmin olunur:

"Son illər Azərbaycanda digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da ciddi inkişaf və keyfiyyət dəyişiklikləri baş verməkdədir. Bu tərəqqi özünü həm kəmiyyət göstəricilərində, həm də struktur islahatlarında büruzə verir. Belə ki, ümumi artımla yanaşı, aqrar sektorun strukturu yenilənir; ərzaq təhlükəsizliyinin təmini ilə bərabər, ixracayönümlü və effektiv aqrar iqtisadiyyat modeli qurulur.

Hazırda dünyada müşahidə olunan iqlim dəyişiklikləri özünü bizim regionda, o cümlədən Azərbaycanda da büruzə verməkdədir. Qeyri-sabit hava şəraitinin artması, quraqlıq və daşqın hadisələrinin tez-tez baş verməsi buna əyani sübutdur. Dünya Bankının araşdırmalarına görə, son 30 ildə dünyada katastrofik hadisələrin sayı 3 dəfə artıb və bu rəqəmlər hər il artmağa davam edir".

Nazir vurğulayıb ki, iqlim dəyişikliklərinin ən çox təsir etdiyi sahə məhz kənd təsərrüfatıdır.

"Dünyada bu dəyişikliklərin aqrar sektora vurduğu zərər milyard dollarlarla ölçülür. Azərbaycanda bu riskləri sığortalamaq və kənd təsərrüfatını iqlim dəyişikliklərinin fəsadlarından qorumaq məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə aqrar sığorta mexanizmi yaradılıb.

Aqrar sığorta – dövlətin kənd təsərrüfatına dəstək məqsədilə yaratdığı yeni və çox mühüm bir mexanizmdir. Bu mexanizm təkcə fermerlərə dəyən zərərləri qarşılamır, həm də gəlirlərin sabitliyini təmin edir və sahədə əlverişli investisiya mühiti formalaşdırır. İndiyədək Aqrar Sığorta Fondu tərəfindən minlərlə fermer və təsərrüfat sahibinə 23 milyon manat məbləğində sığorta ödənişi edilib və bu rəqəm hər il artmaqdadır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti