Bakı.Trend:
Azərbaycan kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlara ixracı üzrə uzun illər formalaşmış təcrübəyə malikdir və bu istiqamətdə inkişafın daha yüksək mərhələyə daşınması strateji hədəf kimi müəyyən edilib.
Trend xəbər verir ki, bu barədə V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində keçirilən ictimai dinləmədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, aqroərzaq sektorunun dayanıqlı inkişafı üçün istehsaldan emala, qablaşdırmadan ixraca qədər bütün mərhələləri əhatə edən inteqrasiya olunmuş yanaşma xüsusi əhəmiyyət daşıyır. Hazırda bu istiqamətdə bir sıra konkret investisiya layihələri üzərində iş aparılır.
Y.Abdullayev qeyd edib ki, Avstriya mənşəli şirkətlə Azərbaycanda tomat pastası və ketçup istehsalının lokallaşdırılması üzrə danışıqlar davam etdirilir. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan olan investorlarla pambıqçılıq sahəsində əməkdaşlıq müzakirə olunur. Bu model xammal istehsalı ilə yanaşı, pambığın tekstil sənayesində emalını da əhatə edən tam inteqrasiya olunmuş klaster yanaşmasına əsaslanır.
Onun sözlərinə görə, İsveçrənin “ASKE” şirkəti Azərbaycanda qeyri-ənənəvi aqrar biznes sahəsində fəaliyyət göstərir və Ağstafa daxil olmaqla bir sıra regionlarda qulançar və yerfındığı istehsalı təşkil edib. Məhsullar qısa müddətdə yerli pərakəndə satış şəbəkələrinə çıxarılıb.
Şirkət tərəfindən genişmiqyaslı yerfındığı plantasiyalarının yaradılması, fermerlərin prosesə cəlb olunması və illik 100 min ton emal gücünə malik zavodun qurulması planlaşdırılır. Bu təşəbbüs istehsaldan emala qədər dəyər zəncirinin formalaşdırılmasına və ixracyönümlü istehsalın genişləndirilməsinə xidmət edir.
AZPROMO rəsmisi əlavə edib ki, xarici investorların cəlb olunması ilə yanaşı, onların layihələrinin icrası və uzunmüddətli inkişafı üçün vahid pəncərə prinsipi əsasında dəstək göstərilir, dövlət qurumları ilə koordinasiya təmin edilir və sonrakı mərhələdə müşayiət xidməti həyata keçirilir.
