Bakı.Trend:
Bakı Limanında ötürücülük qabiliyyətinin 25 milyon tona çatdırılması istiqamətində genişləndirmə işləri aparılır.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumunda çıxışı zamanı bildirib.
“Son illərdə qlobal təchizat zəncirlərində baş verən fasilələr açıq şəkildə göstərdi ki, səmərəli, dayanıqlı və yaxşı əlaqələndirilmiş nəqliyyat dəhlizləri qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasında həlledici əhəmiyyət daşıyır. Bu kontekstdə əlaqəliliyin gücləndirilməsi və malların fasiləsiz hərəkətinin təmin edilməsi ümumi prioritetə çevrilib”,- deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, əsas şərq-qərb və şimal-cənub ticarət marşrutlarının kəsişməsində yerləşən Azərbaycan Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır:
“Bu üstünlükdən istifadə edən ölkə milli strategiyada mərkəzi yer tutan Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirir".
S. Məmmədov əlavə edib ki, bu baxışın konkret fəaliyyət planına çevrilməsi üçün dövlət "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planını qəbul edib. Bu plan ölkənin tranzit potensialının gücləndirilməsinə yönəlmiş kompleks yol xəritəsidir:
“Plan dörd əsas istiqaməti əhatə edir: fiziki infrastrukturun inkişafı, əməliyyat səmərəliliyinin artırılması, beynəlxalq tərəfdaşlarla koordinasiyanın gücləndirilməsi və nəqliyyat proseslərinin rəqəmsallaşdırılması”.
“Azərbaycan Avrasiya boyunca "qüsursuz" nəqliyyat əlaqələrinin təmin edilməsi məqsədilə iri infrastruktur layihələrinə ardıcıl şəkildə sərmayə yatırır. Bunun əsas nümunələrindən biri Orta Dəhlizdə mühüm rol oynayan və hazırda illik 5 milyon tonadək ötürücülük qabiliyyətinə malik olan Bakı–Tbilisi–Qars dəmir yoludur.
Bundan əlavə, Bakı Limanı Xəzər dənizində iri multimodal qovşaq kimi fəaliyyət göstərir və hazırda 15 milyon tonluq ötürücülük qabiliyyətinə malikdir, eyni zamanda bu göstəricinin 25 milyon tona çatdırılması istiqamətində işlər aparılır”,- deyə nazir müavini vurğulayıb.
“Azərbaycan Avrasiya boyunca "qüsursuz" nəqliyyat əlaqələrinin təmin edilməsi məqsədilə iri infrastruktur layihələrinə ardıcıl şəkildə sərmayə yatırır. Bunun əsas nümunələrindən biri Orta Dəhlizdə mühüm rol oynayan və hazırda illik 5 milyon tonadək ötürmə qabiliyyətinə malik olan Bakı–Tbilisi–Qars dəmir yoludur.
