Bakı.Trend:
Ekstremal hadisələrin proqnozlaşdırılması mürəkkəbləşir. Bu isə erkən xəbərdarlıq sistemləri üçün əlavə çətinlik yaradır.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Aqrobiznesin İnkişafı Forumunda çıxış edərkən deyib.
M.Babayev bildirib ki, bu gün dünyada su və torpaq resursları da ciddi təzyiq altındadır. Artan tələbatı qarşılamaq getdikcə çətinləşir.
“Əhalinin artımı isə bu təzyiqi daha da çoxaldır. FAO-nun məlumatına görə, dünyada 2 milyard hektardan çox torpaq deqradasiyaya məruz qalır. Hər il isə milyonlarla hektar torpaq öz məhsuldarlığını itirir. Digər tərəfdən, davamlı quraqlıq məhsuldarlığın azalmasına səbəb olur. Su ehtiyatlarının məhdudlaşdırılması torpağın keyfiyyətini aşağı salır. İntensiv yağıntılar və daşqınlar isə münbit torpaq qatını yuyur, eroziyanı sürətləndirir, kənd təsərrüfatı infrastrukturuna zərər vurur, məhsulun vaxtında bazara çıxarılmasını çətinləşdirir. İqlim dəyişiklikləri kənd təsərrüfatına çox ciddi təsir göstərir. Amma məsələ bununla bitmir”.
O qeyd edib ki, kənd təsərrüfatı özü də bu prosesin bir hissəsidir. Bu sektor qlobal istixana qazı emissiyalarının təxminən dörddə birini təşkil edir.
“Eyni zamanda son dövrlərdə müxtəlif regionlarda baş verən münaqişələr də ətraf mühitə əlavə təzyiq yaradır. Bu proseslər torpaq örtüyünün pozulmasına səbəb olur, toz və digər atılmaların atmosferə yayılmasını artırır. Bu təsirlər artıq daha geniş ərazilərdə, o cümlədən qonşu regionlarda da hiss olunur. Çay və dəniz ekosistemləri də bu proseslərin təsirinə məruz qalır. Belə hallar təbii proseslərə əlavə təsir göstərir”.
