Bakı.Trend:
Azərbaycanın Tacikistanın su təşəbbüslərini dəstəkləyən ölkələr sırasında yer alması Tacikistan üçün böyük şərəfdir.
Trend-in məlumatına görə, bunu Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Düşənbə şəhərində “Dayanıqlı İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, bu ardıcıllıq Tacikistanı su qıtlığı, buzlaqların əriməsi problemlərinin həlli və uzunmüddətli ekoloji dayanıqlılığın təmin edilməsi məqsədilə dünya ictimaiyyətini birləşdirən “Su prosesi”nin tanınmış liderinə çevirib.
“‘Dayanıqlı İnkişaf üçün Su’ üzrə Beynəlxalq fəaliyyət onilliyi sudan səmərəli istifadə, müvafiq ekosistemlərin qorunması və mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığa yeni təkan verib. Əhəmiyyətli nailiyyətlərdən biri Tacikistan və Niderland Krallığının həmsədrliyi ilə 2023-cü ildə Nyu-Yorkda keçirilmiş BMT-nin Su Konfransı hesab oluna bilər”,- deyə o bildirib.
Səfirin qeyd etdiyi kimi, konfransın əsas nəticələrindən biri Su üzrə Fəaliyyət Gündəliyinin formalaşdırılması olub. Bu təşəbbüs çərçivəsində hazırda dövlətlər və digər maraqlı tərəflər tərəfindən suyun qorunması sahəsində 840-dan çox könüllü öhdəlik qeydə alınıb.
Səfir xatırladıb ki, Tacikistan Respublikası tərəfindən irəli sürülmüş “Dayanıqlı İnkişaf üçün Su” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi ölkənin qlobal su gündəliyinin təşviqi istiqamətində ardıcıl səylərinin davamıdır.
