Bakı. Trend:
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına mümkün üzvlük məsələsi nəzərdən keçirilir.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) İllik Toplantısının üçüncü günü çərçivəsində maliyyə nazirinin müavini Himalay Məmişovun Çin Xalq Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşündə Azərbaycan və Çin arasında münasibətlərin dinamik inkişafı yüksək qiymətləndirilib, ikitərəfli əlaqələrin siyasi etimad, həmçinin energetika, nəqliyyat və rəqəmsal transformasiya sahələrində artan əməkdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli platformalar, o cümlədən AİB çərçivəsində Çin ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğu qeyd edilib. Eyni zamanda, regionda nəqliyyat-logistika bağlantılarının gücləndirilməsi, dayanıqlı inkişaf və regional inteqrasiya gündəliyinə Azərbaycanın sadiqliyi bir daha ifadə olunub.
Görüşdə Azərbaycanın sənaye zonalarında Çin şirkətlərinin daha fəal iştirakı, istehsalat və yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat və logistika sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsinin ölkəmizin strateji maraqlarına uyğun olduğu və bu istiqamətdə tərəfdaşlıq layihələrinin reallaşdırılmasının vacibliyi vurğulanıb.
H.Məmişov Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Qeyd olunub ki, xüsusilə ixracın diversifikasiyası və qeyri-neft sektorunda ticarət dövriyyəsinin artırılması qarşılıqlı münasibətlərin əsas inkişaf istiqamətlərindən biri kimi çıxış edir.
Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına mümkün üzvlük məsələsinin nəzərdən keçirilməsini xahiş edib.
