Azərbaycan müasir suvarma sistemlərinin sahəsini iki dəfədən çox artırmağı planlaşdırır - Nazir

İqtisadiyyat Materials 6 May 2026 11:12 (UTC +04:00)
Azərbaycan müasir suvarma sistemlərinin sahəsini iki dəfədən çox artırmağı planlaşdırır - Nazir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2030-cu ilə qədər müasir suvarma sistemlərinin sahəsini iki dəfədən çox artırmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı sərgisi və forumunun ikinci günündə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

"Hazırda kənd təsərrüfatı Azərbaycanın ÜDM-nin təxminən 5–6%-ni təşkil edir. Məşğulluğun 25%-dən çoxu aqrar sektorun payına düşür. Beləliklə, biz kənd təsərrüfatının həm mühüm iqtisadi rol oynadığını, həm də çox əhəmiyyətli sosial rola malik olduğunu anlayırıq...Su çatışmazlığına gəldikdə isə, ümumilikdə, mənim şəxsi fikrimə görə, Azərbaycanın su ehtiyatlarının təxminən 70%-ni xaricdən idxal etməsinə baxmayaraq, bizdə su qıtlığı problemi yoxdur. Bizdə su ehtiyatlarının idarə olunması problemi var”, - deyə nazir bildirib.

M.Məmmədovun sözlərinə görə, bu problemin həlli üçün hazırda müxtəlif addımlar atılır:

“Birincisi, ölçüsündən asılı olmayaraq – kiçik, orta və ya böyük – su anbarlarının toplanması və yaradılmasıdır. Hazırda hökumət ölkə üzrə genişmiqyaslı layihələr həyata keçirir.

İkinci mühüm addım suyun nəqli sisteminin transformasiyasıdır: açıq kanallardan, xüsusilə torpaq kanallarından beton kanallara, həmçinin qapalı sistemlərə, o cümlədən boru xətlərinə keçid. Bu, su itkilərini azaldır, torpaq resurslarına qənaət edir və sudan istifadə səmərəliliyini artırır.

Üçüncü addım kəndlərə və kənd təsərrüfatı sahələrinə daxil olan suyun qapalı boru kəmərləri vasitəsilə verilməsini təmin etmək və, əlbəttə, onun ölçülməsinin aparılmasıdır.

Dördüncü addım müasir suvarma sistemlərinin tətbiqidir".

M.Məmmədov əlavə edib ki, hazırda Azərbaycanda suvarılan torpaqların təxminən 10–14%-i müasir suvarma sistemləri ilə əhatə olunub – bu isə təxminən 130 min hektar edir.

“2030-cu ilə qədər bu sahəni iki dəfədən çox artırmaq kimi hədəfimiz var. Beləliklə, onun müasir suvarma sistemləri ilə əhatə olunan 300 min hektara çatdırılması planlaşdırılır.

Və bunun üçün yeni kənd təsərrüfatı proqramının işə salınacağı gözlənilir”, -deyə M.Məmmədov vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti