Bakı.Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Mehrəliqışlaq kəndində səyyar qəbul keçirib.
Qəbulda Hülövlü İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Mehrəliqışlaq, Hülövlü, Qaradağlı, Bəyqışlaq, Canaxır, Qaradağ Buduq, Qobuqıraq, Mürsəliqışlaq, Rəhimoba və Ustacəlilli kəndlərinin sakinləri iştirak ediblər.
Görüş iştirakçıları əvvəlcə Mehrəliqışlaq kəndindən olan şəhid Muxtar Adıgözəl oğlu Osmanovun büstü önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra sakinlərin müraciət və təklifləri dinlənilib. Sakinlər yolların təmiri, fərdi yaşayış evinə elektrik xəttinin çəkilməsi, ərazidə körpələr evi-uşaq bağçasının açılması və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll olunub.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
