Bakı. Trend:
Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində yalnız siyasi lider kimi deyil, həm də milli medianın inkişaf strategiyasını müəyyənləşdirən şəxsiyyət kimi xüsusi yer tutur. Onun rəhbərliyi dövründə mətbuatın cəmiyyətdə rolu, dövlət quruculuğunda əhəmiyyəti və ictimai rəyə təsiri hər zaman diqqət mərkəzində saxlanılıb.
Xüsusilə, vurğulamaq lazımdır ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın ən mürəkkəb, taleyüklü və sınaqlı mərhələsinə təsadüf edirdi. Həmin dövrdə dövlət institutlarının zəiflədiyi, xaos və parçalanma təhlükəsinin artdığı bir şəraitdə Ulu Öndər Heydər Əliyev qarşısına hüquqi dövlət quruculuğu, sabit idarəetmə sistemi yaratmaq və sağlam vətəndaş cəmiyyətinin əsaslarını formalaşdırmaq kimi strateji məqsədlər qoydu. Bu baxımdan media da cəmiyyətin ayrılmaz hissəsi, vətəndaş cəmiyyətinin mühüm institutu kimi dəyərləndirilirdi.
Trend xəbər verir ki, bu fikirləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Siyasi şərhçi qeyd edib ki, Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, güclü dövlət yalnız iqtisadiyyat və ordu ilə deyil, eyni zamanda sağlam informasiya siyasəti, peşəkar jurnalistika və milli maraqları qoruyan media sistemi ilə möhkəmlənir. Məhz buna görə də onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda mətbuatın inkişafı istiqamətində mühüm addımlar atıldı, jurnalistlərin fəaliyyəti üçün yeni imkanlar yaradıldı.
Ən mühüm qərarlardan biri senzuranın ləğvi oldu. Bu addım ölkədə söz və fikir azadlığının genişlənməsinə, mətbuat orqanlarının daha sərbəst fəaliyyət göstərməsinə ciddi təkan verdi. O dövr üçün bu, tarixi qərar idi və Azərbaycanın demokratik inkişaf kursunun göstəricisi sayılırdı. Paralel olaraq, kütləvi informasiya vasitələrinin hüquqi bazası formalaşdırıldı, mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirildi.
"Ulu Öndər Heydər Əliyev jurnalist əməyinə hər zaman yüksək qiymət verirdi. O, media nümayəndələri ilə açıq dialoqa üstünlük verir, onların suallarını cavablandırır, cəmiyyətlə hakimiyyət arasında medianın körpü rolunu xüsusi vurğulayırdı. Mənim də jurnalist kimi onunla müxtəlif səfərlərdə iştirak etmək imkanım olub və yaxından müşahidə etmişəm ki, Ümumilli Lider Heydər Əliyev informasiya məsələlərinə son dərəcə həssas yanaşır, hər bir açıqlamanın ictimai təsirini dərindən hesablayırdı. O, jurnalistə sadəcə xəbər daşıyıcısı kimi deyil, dövlət və xalq qarşısında məsuliyyət daşıyan ziyalı kimi baxırdı.
Onun müəyyən etdiyi media siyasəti nəticəsində Azərbaycanda milli informasiya məkanı formalaşdı, dövlət maraqlarını müdafiə edən peşəkar jurnalistika ənənələri gücləndi. Xarici təbliğat və dezinformasiya fonunda Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində mühüm əsaslar yaradıldı.
Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən media siyasətinin təməlində də məhz Ümumilli Lider Heydər Əliyevin strateji baxışı dayanır. Müasir Azərbaycan mediasının inkişafı, rəqəmsallaşması və beynəlxalq nüfuzunun artması Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolun məntiqi davamıdır.
Ümumilli Lider Heydər Əliyevin media sahəsinə verdiyi töhfələr təkcə bir dövrün deyil, bütöv bir gələcəyin əsasını təşkil edir. Onun irsi göstərdi ki, azad sözə hörmət edən, milli maraqları qoruyan və peşəkarlığı üstün tutan media dövlətin və vətəndaş cəmiyyətinin ən mühüm dayaqlarından biridir", - deyə B.Quliyev əlavə edib.