Qida təhlükəsizliyi sahəsində yeni proqram layihəsi hazırlanır - AQTA rəsmisi

Cəmiyyət Materials 6 May 2026 11:25 (UTC +04:00)
Qida təhlükəsizliyi sahəsində yeni proqram layihəsi hazırlanır - AQTA rəsmisi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan məhsulları dünyanın 73 ölkəsinə ixrac olunur ki, bu da görülən işlərin real nəticəsidir.

Trend xəbər verir ki, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Zəkiyyə Mustafayeva Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycanın yüksək patogen quş qripi, Afrika donuz taunu, xırdabuynuzlu heyvanların taunu və atların Afrika xəstəliyindən azad statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən təsdiq edilib.

“Xəstəliklərdən azad statusların əldə edilməsi heyvan və heyvan mənşəli məhsulların ixracı üçün yeni imkanlar yaradır. Ötən il bir sıra ölkələrə quş əti, akvakultura məhsulları, süd məhsulları, eləcə də ərzaqlıq və damazlıq yumurta ixrac olunub”, – deyə o qeyd edib.

Z.Mustafayeva xüsusilə Çin Xalq Respublikası ilə əməkdaşlığın genişləndirildiyini vurğulayıb:

“Dünyanın ən böyük bazarlarından biri olan Çinə çıxış istiqamətində mühüm addımlar atılıb. Bu il fındıq və badam məhsullarının ixracı üçün müvafiq icazələr əldə olunub”.

Onun sözlərinə görə, ötən il rekord həcmdə xurma ixrac edilib, ümumilikdə isə 914 min ton bitkiçilik məhsulu xarici bazarlara çıxarılıb.

Sədr müavini qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri kimi yüksək tələblərə malik bazarlarla əməkdaşlıq da genişlənir:

“Bu il ət, süd, dəniz məhsulları, bal və arıçılıq məhsulları üzrə baytarlıq sertifikatları razılaşdırılıb”.

O bildirib ki, ölkədə qida təhlükəsizliyi sahəsində 2019–2025-ci illəri əhatə edən dövlət proqramı uğurla başa çatır və yeni proqram layihəsi hazırlanır.

Z.Mustafayeva həmçinin qeyd edib ki, “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” yeni qanun layihələri müvafiq dövlət prosedurlarından keçir.

Z.Mustafayeva əlavə edib ki, istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi istiqamətində də mühüm işlər görülür: “Ağstafa, Beyləqan, Samux, İmişli və Füzuli rayonlarından toplanmış 1351 ton pestisid və çirklənmiş torpaq qatı Ceyrançöl poliqonuna daşınaraq zərərsizləşdirilib”.

Xəbər lenti

Xəbər lenti