Bakı.Trend:
Məhdud torpaq və su resurslarımızı nəzərə almaqla kənd təsərrüfatı sahəsinə daha peşəkar yanaşmaq, fermerlərin sertifikatlı toxum, müasir suvarma sistemləri, keyfiyyətli baytarlıq və digər aqrotexniki xidmətlərə, maliyyə və sığorta alətlərinə əlçatanlığının artırılması məqsədyönlü şəkildə həyata keçirilməlidir.
Trend xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Azər Bayramov Aqrobiznesin İnkişafı Forumunda çıxış edərkən deyib.
O qeyd edib ki, kənd təsərrüfatı sahəsində icrası nəzərdə tutulan yeni dövlət proqramına uyğun olaraq dövlət dəstəyi istehsalın intensivləşdirilməsinə və son nəticədə emalın artırılmasına xidmət etməlidir.
“Aqrar sığorta sisteminin risk portfelinin sığorta əhatəsinin genişləndirilməsi fermerlərin dövlət dəstəyindən dayanıqlı şəkildə istifadəsinə şərait yaradır. Eyni zamanda tədarük zəncirinin dəstəklənməsi kiçik istehsalçıların miqyas və bazara çıxış problemlərini sistemli şəkildə həll edə bilər. Hesab edirik ki, digər prioritet istiqamət isə dəyər zəncirinin dərinləşdirilməsidir.
İstehsal son məqsəd deyil. Əsas əlavə dəyər yaradan istiqamət emal prosesidir. Hesab edirik ki, ət, süd, meyvə, tərəvəz, üzüm kimi məhsulların emalının dərinləşdirilməsi, klaster əsaslı istehsal-emal zəncirlərinin formalaşdırılması həm məşğulluğa, həm ixrac gəlirlərinə, həm də regionlarımızın inkişafına birbaşa töhfə verə bilər.
Soyuducu anbar və taxıl elevatoru şəbəkələrinin genişləndirilməsi, süd toplama infrastrukturunun yaxşılaşdırılması bu işin vacib komponentləri olmaqla yanaşı, həmin infrastrukturun yerləşdirilməsi mütləq istehsal coğrafiyasına, logistik marşrutlara və perspektiv ixrac kanallarına uyğun olaraq planlaşdırılmalıdır”.
Onun fikrincə, aqroparklar daha çox idxalı əvəz edən deyil, ixraca yönəlmiş aqrobiznes mərkəzlərinə çevrilməsi üzərində fokuslaşmalıdır:
“Aqroparklar kiçik istehsalçıların məhsullarını toplayan, mərkəzləşdirilmiş keyfiyyət və sertifikasiya infrastrukturu təqdim edən, beynəlxalq investor və texnologiya tərəfdaşlarını cəlb edən qurumlar kimi formalaşmalıdır.
Bu çərçivədə özəl operator modelinin və birgə maliyyələşmə mexanizmlərinin tətbiqi dövlət büdcəsinə düşən yükün azaldılmasına, eyni zamanda kommersiya səmərəliliyinin təmin edilməsinə imkan yarada bilər. Digər vacib istiqamət isə ixrac rəqabət qabiliyyətinin artırılmasıdır. Azərbaycan aqrar ixracatının həm coğrafiyasını, həm də məhsul çeşidini genişləndirməyi strateji məqsəd kimi müəyyən etməlidir.
Bu istiqamətdə ən vacib addımlardan biri, fikrimizcə, sanitar və fitosanitar strategiyanın həyata keçirilməsidir. Biz bu sahədə hədəf bazarlarla ticarət müqavilələrinin imzalanmasını gözləmədən, akkreditasiyalı laboratoriyalar, fitosanitar nəzarət və beynəlxalq sertifikasiya infrastrukturunu əvvəlcədən formalaşdırmalıyıq.
Hesab edirik ki, Avropa Birliyi, Körfəz ölkələri, Çin və Cənub-Şərqi Asiya bazarlarının hər biri üçün konkret məhsul bazarlaşdırma strategiyası hazırlanmalıdır.
Ticarət missiyaları, beynəlxalq sərgilərdə iştirak və ticarət evlərinin yaradılması bu işin operativ komponentləri olmaqla yanaşı, “Made in Azerbaijan” brendinin nar, fındıq, şərab kimi özünü sübut etmiş məhsullar üzərindən strateji şəkildə qurulması ixracın uzunmüddətli dəyər zəncirinin yaradılması potensialını artırır”.
Nazir müavini əlavə edib ki, ixrac daşıma tariflərinin dövlət büdcəsi hesabına subsidiyalaşdırılması ilə bağlı nəzərdə tutulan yeni mexanizmlər aqrar və emal məhsullarının uzaq bazarlara çıxışını sürətləndirə bilər.
