Bakı. Trend:
Goradil qəbirstanlığının Fatimeyi Zəhra Məscidinin yanında atılmış uşağın valideynləri tapılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, hazırda məsələ aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır və bütün zəruri tədbirlər görülür:
"Araşdırmanın nəticəsindən asılı olaraq valideynin davranışına hüquqi qiymət veriləcək və zərurət yaranarsa, valideynlik hüquqlarının məhdudlaşdırılması istiqamətində müvafiq addımlar atılacaq. Eyni zamanda, uşağın sağlamlıq vəziyyəti diqqətdə saxlanılır, o, tibbi müayinələrdən keçiriləcək və bundan sonrakı mərhələdə aidiyyəti qurumlarla birlikdə onun təhlükəsizliyi və rifahı üçün kompleks tədbirlər davam etdiriləcək", - o, bildirib.
Qeyd edək ki, hadisə barədə "Azərbaycan Uşaqları" birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat paylaşmışdı. O qeyd etmişdi ki, dünən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Mehtiabad Polis bölməsi 2 yaşlı uşağı tapıb sığınacağa gətirib.
