Aİ-Ermənistan əməkdaşlığının reallığı: pafoslu vədlər, paslı borular

Siyasət Materials 5 May 2026 19:27 (UTC +04:00)
Aİ-Ermənistan əməkdaşlığının reallığı: pafoslu vədlər, paslı borular

Bakı. Trend:

Avropa İttifaqı ilə Ermənistan arasında nəqliyyat sahəsində əməkdaşlığı nəzərdə tutan mülahizə və iddialar mənə məşhur bir deyimi xatırladır: “Əgər arxana lələk yapışıbsa, bu o demək deyil ki, sən Simurq quşusan”. Görünən odur ki, “toyuq” və ya “xoruz lələkləri” bəzi Avropa siyasətçilərinin “arxaları” ilə yanaşı, gözlərinə “yapışıb” və gözlə görülə biləcək reallıqları belə görə bilmirlər.

Maraqlıdır, görəsən, Avropa siyasətçiləri Aİ-nin Ermənistanla nəqliyyat sahəsində əməkdaşlıqlarını necə təsəvvür edirlər? Bəlkə, iddialarını İran vasitəsilə həyata keçirəcəklər? Bəlkə, yerin altından Avropaya qədər lağım atacaqlar? Qəribə və istehzadan başqa heç nəyin hədəfinə gəlməyən bir məntiqi var bəzi avropalıların. Görmədikləri reallıqları başqalarının da görmədiyini düşünürlər. Bir müddət öncə Zəngəzur dəhlizinə qarşı “sülh kəsişməsi” adlı girişi-çıxışı olmayan bir layihə ötürmüşdülər gündəmə... Bizə görə, sülhü bağlayırlar, əldə edirlər, lap uzağa getsək, qazanırlar, amma onlara görə sülh haradasa, gizli, qaranlıq bir ortamda kiminləsə “görüşür”, sonra isə “kəsişir”.

Hətta Ermənistan mediası belə Aİ-nin Ermənistanla nəqliyyat və energetika sahəsindəki əməkdaşlığı barədə absurdnamələrini məşhur aktrisa Faina Ranevskayanın adına yozulan bir deyimlə bəzəyir: “Ən gözəl tovuzquşu quyruğunun altında belə ən adi toyuq arxası gizlənir. Beləliklə, pafoslu azaldın, cənablar”.

Amma çətin... Pafos azalmayacaq və verilən vədlər də pafosdan o yana keçməyəcək. Qışda isinmək üçün qapımızda təbii qaz üçün növbəyə duracaq, yaz gələr-gəlməz isə İrəvandan, yaxud başqa bir döngə və ya dalandan havaya sabun köpükləri buraxacaqlar. Bu, onların bacardıqları ən yaxşı işdir.

Maraqlıdır, görəsən Ermənistanla energetika sahəsində necə əməkdaşlıq edəcəklər? Bəlkə enerji sürüngəni Metsamor AES-i “Rosatom”dan alıb “lələk” taxacaqlar? Enerji sahəsində Aşotun daxmasından Aramın evinədək ucana biləcək paslı borudan başqa Ermənistanın enerji sahəsində hansı perspektivi var, görəsən?

Verilən vədlərin arasında ən real olanı viza rejiminin sadələşdirilməsi ilə bağlıdır. Nə üçün sadələşdirdikləri də aydındır. Məlum səbəblərə görə Ermənsitan vətəndaşları şimal istiqamətində mövsümi işlərə gedə bilmədiklərindən şikayətlənirlər. Əslində bu vədin də perspektivi aydındır: Ucuz işçi qüvvəsinə ehtiyac var.

Bütövlükdə isə Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammiti şəkillərlə yadda qaldı. Gəldilər, seçkiöncəsi dəstəklərini bəyan etdilər, çoxlu şəkil çəkdirdilər və getdilər...

Elçin Mirzəbəyli,
Milli Məclisin deputatı

Məqalədə:

Xəbər lenti

Xəbər lenti